MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

"Türkmənistan Azərbaycanın Qarabağda apardığı genişmiqyaslı quruculuq prosesinə dəstək verməklə regionun sülh zonasına çevrilməsinə töhfəsini verir" - Kamal Cəfərov

18:10 29.06.2026



Azərbaycan və Türkmənistan arasında formalaşan yeni tərəfdaşlıq mərhələsi bütövlükdə Xəzər hövzəsi və Mərkəzi Asiya regionunun gələcək mənzərəsini müəyyən edir. Son dövrlər Bakı və Aşqabad arasında intensivləşən yüksək səviyyəli dialoq, xüsusilə Türkmənistan Prezidentinin Azərbaycana rəsmi səfəri çərçivəsində əldə olunmuş razılaşmalar göstərir ki, tərəflər bəyanatlardan konkret layihələrin icrasına keçid edirlər.

Milli Məclisin deputatı Kamal Cəfərov bildirib ki, Bakı və Aşqabadın nümayiş etdirdiyi birlik modeli siyasi və humanitar müstəvidə regional sabitliyin rəmzinə çevrilib:

“Bu gün Azərbaycan-Türkmənistan münasibətləri tarixi ədalətin və qardaşlığın təzahürüdür. Xüsusilə işğaldan azad edilmiş Füzuli şəhərində Türkmənistan tərəfindən məscidin inşasına başlanılması xalqlarımızın mənəvi birliyinin göstəricisidir. Bu addım həm də o deməkdir ki, Türkmənistan Azərbaycanın Qarabağda apardığı genişmiqyaslı quruculuq prosesinə dəstək verməklə regionun sülh zonasına çevrilməsinə töhfəsini verir. Digər tərəfdən, paytaxtlarımızın Arkadağ və Füzuli kimi qardaşlaşması humanitar diplomatiyanı genişləndirir”.

Deputat vurğulayıb ki, rəsmi Bakının xarici siyasət strategiyasının ən böyük uğurlarından biri də Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasına tamhüquqlu üzv qəbul edilməsidir:

“Azərbaycan coğrafi baxımdan bu regiona daxil olmasa da, Türkmənistan tərəfinin fəal dəstəyi ilə bu platformada yer alması əlamətdar hadisədir. Biz artıq Mərkəzi Asiyanı Azərbaycandan ayrı təsəvvür edə bilmərik. Nəqliyyat-logistika sahəsində atılan addımlar, xüsusilə Trans-Xəzər marşrutu üzrə yük axınlarının artırılması göstərir ki, qarşılıqlı etimad olmasaydı, mövcud coğrafi imkanlar heç bir iqtisadi mənfəət verə bilməzdi. Hər iki ölkənin zəngin enerji və faydalı qazıntı ehtiyatlarına malik olması isə gələcəkdə qlobal bazarlara çıxışın tam əlaqələndirilməsini və Avrasiyanın enerji təhlükəsizliyində birgə rol oynayan tərəfə çevrilməsini şərtləndirir. Bu kontekstdə Hökumətlərarası Komissiyanın növbəti iclasından gözləntilər kifayət qədər böyükdür və verilən konkret tapşırıqlar yaxın aylarda öz real bəhrəsini verəcəkdir”.