MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

“Azərbaycanın sülh gündəliyi artıq real iqtisadi mənfəət verir” – Kamal Cəfərov

17:45 06.05.2026



Qitədə təhlükəsizliyin, sabitliyin gücləndirilməsi və dövlətlər arasında narahatlıq doğuran məsələlərin açıq şəkildə müzakirə edilməsi üçün mühüm beynəlxalq platforma olan Avropa Siyasi Birliyində Azərbaycanın fəal iştirakı və Prezident İlham Əliyevin 8-ci Zirvə toplantısındakı çıxışı ölkəmizin regional sülhün əsas hərəkətverici qüvvəsi olduğunu və strateji maraqlarını qətiyyətlə qoruduğunu bir daha nümayiş etdirir. Xüsusilə, 2028-ci ilin mayında növbəti Zirvə görüşünün Azərbaycanda keçirilməsi təklifinin qəbul olunması və bu namizədliyin Ermənistan tərəfindən də dəstəklənməsi sülhün hərtərəfli nəticə verdiyini sübut edir.

Milli Məclisin deputatı Kamal Cəfərov bildirib ki, bu yeni reallıq regionda kommunikasiyaların qurulması və iqtisadi tərəfdaşlıq üçün geniş imkanlar yaradır:

“Azərbaycan tərəfindən bütün tranzit məhdudiyyətlərinin aradan qaldırılması nəticəsində Ermənistana artıq 28 min ton yükün çatdırılması və tarixdə ilk dəfə neft məhsullarının təchiz edilməsi sülhün nəticələridir. Həmçinin “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu”nun Azərbaycanı Naxçıvanla birləşdirərək Orta Dəhlizin bir hissəsinə çevirməsi regionun iqtisadi mənzərəsini kökündən dəyişir. Bu proseslər göstərir ki, Azərbaycanın sülh gündəliyi artıq real iqtisadi mənfəət verir”.

Deputat vurğulayıb ki, AXC-Müsavat hakimiyyəti dövründə Avropa dövlətləri ilə münasibətlərdə atılan addımların məqsədsiz və kortəbii olması halları bu gün tamamilə aradan qaldırılmışdır:

“O dövrdə ümumi xarici siyasət xətti geniş sferanı əhatə etməyə yönəlsə də, uğursuzluğa düçar olmuşdur. Sözsüz ki, bütün bu baş verənləri unutduracaq fəaliyyətin və Avropa ilə inkişaf edən qarşılıqlı münasibətlərin əsasında duran müəyyən bir siyasət var. Bu siyasətə uyğun olaraq Azərbaycan hətta Avropa Parlamentinin sülh prosesinə qarşı sabotaj cəhdlərinə və beş il ərzində qəbul etdiyi yalanlarla dolu 14 qərəzli qətnaməsinə baxmayaraq suveren yolundan dönmür. Milli Məclisin mayın 1-də Avropa Parlamenti ilə bütün sahələrdə əməkdaşlığı dayandırmaq barədə qərarı dövlətimizin öz ləyaqətini, ərazi bütövlüyünü və suverenliyini hər şeydən üstün tutduğunun ən bariz sübutudur ”.