SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
“Bu gün qalib xalqın nümayəndələri kimi çıxış edən güləşçilərimiz gənc nəsil üçün vətənpərvərlik nümunəsi formalaşdırırlar” – Kamal Cəfərov
Prezident İlham Əliyevin Avropa çempionatında komanda hesabında çempion olmuş güləşçilərimizi qəbul etməsi Azərbaycanın idman ölkəsi kimi bu sahədəki dövlət siyasətinin növbəti təzahürüdür. Tiranada keçirilən yarışda əldə edilən tarixi uğur dövlət başçısının bu sahəyə illərlə göstərdiyi diqqətin nəticəsidir.
Milli Məclisin deputatı Kamal Cəfərov görüş ilə bağlı bildirib ki, bu qələbə düzgün qurulmuş sistemin və əzmkarlığın göstəricisidir:
“Azərbaycan güləşçilərinin Avropada komanda hesabında birinci olması, rəqabətin yüksək həddə olduğu dövrdə böyük nailiyyətdir. Görüşdə də qeyd edildiyi kimi, bu uğur məşq və seleksiya prosesinin nə qədər düzgün qurulduğunu təsdiqləyir. Xüsusilə, gənc idmançılarımızın təcrübəli çempionlarla çiyin-çiyinə yüksək nəticələr göstərməsi, nəsillər arasındakı varisliyin qorunduğuna göstərir. Federasiya rəhbərliyində və məşqçi heyətində vaxtilə ölkəmizə Olimpiya çempionluğu qazandırmış şəxslərin təmsil olunması idmanda ənənələrin yaşamasına xidmət edir”.
Deputat vurğulayıb ki, idman sahəsində olan inkişaf ölkənin ümumi tərəqqisi ilə vəhdət təşkil edir və cəmiyyətdə vətənpərvərlik ruhunu bilavasitə gücləndirir:
“Dövlət başçısı artıq 30 ilə yaxındır ki, Milli Olimpiya Komitəsinə rəhbərlik edir. Bu müddət ərzində bir neçə nəsil dəyişsə də, Azərbaycan idmanının qələbə əzmi dəyişməz qalıb. Prezident İlham Əliyev idmançılarla görüşündə mühüm bir məqam olan ləyaqətli davranış nümayiş etdirilməsi məsələsinə toxundu. Bəzən Avropa yarışlarında idmançılarımıza qarşı hiss olunan qərəzli hakim qərarlarına baxmayaraq onların öz təmkinlərini və milli ləyaqətlərini qoruması ən böyük nümunədir. Bu gün qalib xalqın nümayəndələri kimi çıxış edən güləşçilərimiz gənc nəsil üçün vətənpərvərlik nümunəsi formalaşdırırlar”.