SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
"Bakı ilə Hanoy arasındakı əlaqələrin strateji səviyyəyə yüksəlməsi qarşılıqlı maraqların effektiv nəticə verməsi üçün əhəmiyyətlidir" - Kamal Cəfərov
Azərbaycanla Vyetnam arasında formalaşan əlaqələr tarixi etimad üzərində qurulsa da, bu gün tamamilə praqmatik və çoxşaxəli inkişaf mərhələsinə keçir. Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibədə Azərbaycanla Vyetnam arasında siyasi, iqtisadi və humanitar sahələrdəki əlaqələrin bugünkü mənzərəsini dəyərləndirib və hələ tam istifadə olunmayan potensialı da önə çıxarıb.
Milli Məclisin deputatı Kamal Cəfərov ikitərəfli münasibətlərin hazırkı dinamikasını dəyərləndirərkən qeyd edib ki, Bakı ilə Hanoy arasındakı əlaqələrin strateji səviyyəyə yüksəlməsi qarşılıqlı maraqların effektiv nəticə verməsi üçün əhəmiyyətlidir:
“Tarixi təmasların və qarşılıqlı səfərlərin yaratdığı siyasi etimad bu gün iqtisadi və institusional əməkdaşlıq üçün möhkəm dayaq rolunu oynayır. İkitərəfli əlaqələrin strateji tərəfdaşlıq müstəvisinə çıxması tərəflərin gələcək illər üçün daha çox hədəflər müəyyənləşdirdiyini göstərir. Ənənəvi sahələrlə yanaşı, müdafiə, rəqəmsal təhlükəsizlik və yüksək texnologiyalar kimi istiqamətlərin gündəmə gəlməsi əməkdaşlığın keyfiyyətcə fərqli mərhələyə keçdiyindən xəbər verir”.
Deputatın sözlərinə görə iqtisadi sahədə atılan addımlar potensial imkanların tam istifadəsinə xidmət edir və biznes dairələrinin fəallığı yeniliklərin başlanğıcından xəbər verir:
“Ticarət dövriyyəsinin mövcud səviyyəsi hələ tərəflərin real imkanlarını tam əks etdirmir, lakin artım meyilləri bu sahədə ciddi ehtiyatların olduğunu ortaya qoyur. Xarici şirkətlərin Azərbaycanın iqtisadi mühitinə, xüsusilə, infrastruktur və yaşıl enerji sahələrinə maraq göstərməsi ölkəmizə olan etimadın göstəricisidir”.
Kamal Cəfərov humanitar, mədəni və təhsil əlaqələrinin də bu prosesdə xüsusi yer tutduğunu vurğulayaraq cəmiyyətlərarası yaxınlaşmanın dövlətlərarası əməkdaşlığı tamamladığını bildirib:
“Humanitar istiqamətdə görülən işlər cəmiyyətlər arasında etimadı formalaşdırır. Təhsil sahəsindəki tarixi ənənələrin müasir proqramlarla davam etdirilməsi gələcək nəsillər arasında da münasibətləri gücləndirir. Mədəniyyət və incəsənət sahəsində atılan addımlar isə xalqların bir-birini daha yaxından tanımasına şərait yaradır, çətin anlarda göstərilən həmrəylik isə tərəfdaşlığın səmimiyyətini təsdiqləyir”.