MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

“Bu gün ərazi bütövlüyünü tam bərpa etmiş Azərbaycan öz qüdrətini bütün dünyaya nümayiş etdirir” – Kamal Cəfərov

12:10 28.05.2026



1918-ci il mayın 28-də Azərbaycan xalqı özünün və Şərqin ilk demokratik, hüquqi, dünyəvi parlament respublikasını yaradaraq xalqımızın müstəqillik əzmini bütün dünyaya nümayiş etdirmişdir. Cəmi 23 ay mövcud olmasına baxmayaraq Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərmiş, xalqın milli kimlik və mənlik şüurunu özünə qaytarmışdır. Lakin 1920-ci ilin aprelində müstəqilliyimiz əlimizdən alınsa da, Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində ölkəmizin beynəlxalq hüququn subyekti olması Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı.

Milli Məclisin deputatı Kamal Cəfərov bildirib ki, XX əsrin sonlarında müstəqilliyinə yenidən qovuşan Azərbaycanın suverenliyini qoruyub saxlaması və bu gün bərqərar olan yeni reallıqlar Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir:

“Müstəqilliyi əldə etmək mürəkkəb bir proses olsa da, onu qoruyub saxlamaq daha çətin və məsuliyyətli bir işdir. Çətin siyasi-iqtisadi dövrdə, daxili münaqişələrin və Ermənistanın təcavüzünün ölkəni ağır vəziyyətə saldığı bir şəraitdə xalqın təkidi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü. Hələ 1990-cı il noyabrın 17-də Sovet İttifaqının mövcud olduğu bir vaxtda Ümummilli Liderin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilməsi müstəqilliyə gedən yolun əsasını qoydu. 1991-ci il oktyabrın 18-də qəbul olunmuş Konstitusiya Aktı ilə Azərbaycan Respublikasının Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edildi”.

Deputat vurğulayıb ki, tariximizin müasir inkişaf mərhələsində Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən milli maraqların təmin olunması siyasəti ölkəmizi regional və qlobal müstəvidə tamamilə fərqli bir zirvəyə yüksəltmişdir:

“2021-ci ildə qəbul edilmiş qanunla 28 May tarixinin Müstəqillik Günü kimi təsbit olunması dövlət suverenliyimizin məhz 1918-ci ildə bərqərar olması faktına əsaslanır. Bu gün ərazi bütövlüyünü tam bərpa etmiş Azərbaycan öz qüdrətini bütün dünyaya nümayiş etdirir. Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandan kimi gərgin əməyinin və uğurlu xarici siyasətinin nəticəsində doğma torpaqlarımız işğaldan azad edildi və Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli bayrağımız artıq bütün sərhədlərimiz boyunca dalğalanır. Müstəqil Azərbaycan Cümhuriyyət qurucularının niyyətlərini həyatda tam təmin etdi və ölkəmiz istənilən nəticəni əldə etməyə qadirdir. Cümhuriyyətin irsinə sahib çıxan müasir Azərbaycan dövləti həm dünya miqyasında öz mövqelərini kifayət qədər möhkəmləndirib, həm də demokratik, hüquqi və dünyəvi inkişafını dönmədən davam etdirir ”.