MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

"Şuşanın tarixi siması qorunaraq müasir tələblərə cavab verən infrastruktur yaradılır" - Kamal Cəfərov

15:11 08.11.2026



İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri və tarixi irsin bərpası istiqamətində mühüm addımlar atılır. Şuşa şəhərinin azad olunması ilə başlanan və bu gün sürətlə davam edən inkişaf prosesi ölkəmizin milli iradəsinin qətiyyətini aşkara çıxarır.

Milli Məclisin deputatı Kamal Cəfərov Şuşada aparılan quruculuq işlərini və qayıdış prosesini şərh edərək bildirib ki, Azərbaycanın qədim mədəniyyət mərkəzində formalaşdırdığı bərpa modeli nümunəvi xarakter daşıyır:

“Ölkəmizin qazandığı tarixi Zəfər və suverenliyin tam bərpası torpaqlarımızın yenidən dirçəlməsi üçün zəmanətdir. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən tədbirlər nəticəsində Şuşanın tarixi siması qorunaraq müasir tələblərə cavab verən infrastruktur yaradılır. Bu gün xarici qonaqların, dövlət başçılarının Şuşaya səfərləri və burada keçirilən beynəlxalq tədbirlər ölkəmizin qlobal nüfuzunun göstəricisidir”.

Deputat əlavə edib ki, beynəlxalq miqyasda qazanılan status Şuşanın gələcək inkişaf perspektivlərini köklü şəkildə genişləndirir:

“Şuşa şəhərinin inkişafına dair Baş planın icrası şəhərsalma mədəniyyətində müasir yanaşmanın təzahürüdür. Təbii landşaftın qorunması, ekoloji tarazlıq və müasir kommunikasiya xətlərinin uzlaşdırılması şəhərin yaşayış üçün əlverişliliyini artırır. Bununla yanaşı, Şuşanın müxtəlif illərdə türk dünyasının, islam dünyasının və beynəlxalq qurumların paytaxtı elan olunması onun beynəlxalq səviyyədə mədəni və turizm mərkəzinə çevrildiyini təsdiqləyir”.

Kamal Cəfərov sakinlərin doğma yurdlarına qayıdışı və məskunlaşma prosesinin əhəmiyyəti barədə də fikirlərini bölüşüb:

“İnkişafın əsas göstəricilərindən biri də əhali tərəfindən həmin ərazilərin fəal şəkildə məskunlaşdırılmasıdır. Ötən əsrin sonlarında AXC-Müsavat hakimiyyəti nəticəsində ölkəmizin üzləşdiyi böhranlı vəziyyət, o cümlədən həmin dövrün idarəçiliyinin yaratdığı xaos nəticəsində torpaqlarımızın itirilməsi xalqımızın yaddaşında ağır izlər buraxmışdı. Lakin bu gün həmin acı təcrübədən böyük zəfərə və sürətli quruculuğa yüksələn Azərbaycan doğma yurdlarını yenidən quraraq vətəndaşlarına təhlükəsiz, firavan və dayanıqlı yaşayış mühiti təqdim edir”.