MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

"Fransanın dövlət katibinin Parlamentdəki çıxışı ilə "xoruzun quyruğu görsəndi" - siyasi şərh

11:50 02.12.2022



Fransanın dövlət katibinin Parlamentdəki çıxışı ilə "xoruzun quyruğu görsəndi"
 
Fransa Parlamentinin aşağı palatasının iclasını, deputatların çıxışını və beynəlxalq hüquqa zidd qəbul etdikləri qətnaməyə diqqətlə baxdım və təhlil etdim.
 
Fransalı deputat Ann Lorens, bu qətnamənin şərəf məsələsi olduğunu qeyd edib. Burada hansı şərəfdən söhbət gedə bilər? Xocalı soyqırımı, 4000-ə yaxın Azərbaycanlının taleyinin bu günə qədər məlum olmaması, Edili kütləvi məzarlığı, Ermənistaın basdırdığı minalara görə azərbaycanlılar həlak olanda bu şərəf harada idi? Özləri etiraf edirlər ki, şərəfsizdirlər və ya şərəfləri birtərəflidir.
 
Fransalı deputat Frank Alisiyo və digərləri iftira dolu bu qətnamənin Cənubi Qafqazda davamlı sülhün təmin edilməsinə töhfə verəcəyi qənaətindədirlər. Bunu da hansı ağılla düşünürlər başa düşmək olmur. Anlamırlar ki - bəlkə də elə istədikləri budur- , beynəlxalq hüquqa zidd bu qətnamə sülh prosesinə zərbə vurur, Fransanın sülh prosesində hüquqi və mənəvi iştirakını bitirir.
 
Cənab Prezident sonuncu çıxışında, hətta bu qətnamə qəbul olunmamışdan əvvəl Fransanın iştirakı ilə heç bir 3 və ya 4 tərəfli görüşün keçirilməyəcəyini dedi və hesab edirəm ki, qətnamə qəbul olunmamışdan qabaq bu məsələ siyasi qiymət verildi.
 
Qərəzli və birtərəfli qətnamə nəinki sülh prosesinə həm də Ermənistana qarşıdır. Ermənistanın səfiri Hasmik iclasda ayaq üstə durur, əzilir-büzülür, həm gülür həm də kövrəlirdi. Hasmik bu birtərəfli qətnaməyə görə sevinsə də, görünür kövrələndə özü də başa düşür ki, bu qətnamə ilə Fransa sülh prosesinə tərəf ola bilməyəcək. Bu gün sülh müqaviləsi bizdən çox onlara lazımdır. Hasmik çox yaxşı başa düşür ki, Xankəndi və müvəqqəti olaraq həmin ərazidə olan rus sülhməramlıları da dörd tərəfdən nəzarətimiz altındadır.
 
Rus sülhməramlılar demişkən, bu qətnamə həm də Rusiyaya qarşıdır. Rusiyanın Xarici İşlər Nazirliyinə tövsiyə edirəm ki, Fransa Parlamentinin Rusiyanın fəaliyyətinə verdiyi qiymətə bir daha baxsın və nəticə çıxarsınlar. Çünki Fransa Parlamenti Rusiyanın vasitəçiliyini rəsmi olaraq qəbul etmir.
 
Rusiya sülhməramlıları demişkən, onlar da bizim müraciətlərimizə etinasız yanaşmasın, Azərbaycan Respublikası ərazisindəki yaşayış məntəqələrimizin adlarının uydurma erməni toponimləri ilə qeyd etməsinlər. Hesab edirəm ki, parlament səviyəsində də bu israrımızı Rusiya Parlamentinə də çatdırmalıyıq.
 
Yekunda isə diqqətimizi Fransa Parlamentində müzakirələrdə dövlətin mövqeyini ifadə edən Fransanın İnkişaf, Frankofoniya və Beynəlxalq Əməkdaşlıq üzrə Dövlət katibi Zaxarpulunun çıxışına yönəltmək istəyirəm. Onun bu çıxışı ilə “xoruzun quyruğu görün”dü.
 
Mən adətən bu cür leksikondan istifadə etmirəm, ancaq iftira dolu qətnamə və dövlət katibinin çıxışı ancaq bu leksikonu tələb edir.
 
Fransa dövləti bu günə qədər bu cür iftira dolu qətnamənin Fransanın rəsmi dövlət mövqeyi olmadığını iddia edirdi.
Dövlət katibi çıxışının əvvəlində bu qətnamə təşəbbüsünə görə deputatlara təşəkkür edir və yekunda isə Fransa hökumətinin Fransa Parlamentinin Ermənistanla göstərdiyi həmrəylik çağırışını eşitdiyini bildirir.
 
Ona görə beynəlxalq hüquqa zidd qəbul olunmuş qətnamə ilkin olaraq Azərbaycana qarşı olduğu təəsüratını yaratsa da, bu qətnamə elə birinci Fransanın öz milli maraqlarına, sonra Ermənistan və Rusiya Federasiyasına qarşıdır.