SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
"Zəngilanın nəqliyyat və aqrar potensialı ölkəmizin xarici iqtisadi əlaqələrinə xüsusi dinamika qazandırır" - Kamal Cəfərov
Vətən müharibəsində İranla dövlət sərhədinin tam bərpası və Zəngilanın azad olunması regional təhlükəsizlik sistemini yenidən formalaşdırdı. İşğal dövründə xarabalığa çevrilmiş, ekoloji terrora məruz qalmış Zəngilan bu gün innovativ kənd təsərrüfatı, bərpaolunan enerji və beynəlxalq nəqliyyat qovşağının birləşdiyi müasir məkana çevrilmişdir.
Milli Məclisin deputatı Kamal Cəfərov Zəngilan şəhəri günü münasibətilə açıqlamasında bildirib ki, bölgənin yenidən qurulması Azərbaycanın gələcəyə yönəlmiş strategiyasını nümayiş etdirir:
“Zəngilanın azad edilməsi milli suverenliyimizin və sərhəd təhlükəsizliyimizin bərpası ilə bərabər regional nəqliyyat yollarının tamamilə dəyişməsinə yol açdı. İşğal illərində tarixi-dini abidələrimizin dağıdılması və təbii resurslarımızın istismarı törədilən vandalizmin miqyasını göstərirdi. Bu gün isə Zəngilan sürətli modernləşmə mərhələsindədir. Salınan “Ağıllı kənd” modeli, alternativ enerji mənbələrinin tətbiqi və ekoloji standartların əsas götürülməsi göstərir ki, azad edilmiş torpaqlarda təkcə bərpa işləri aparmırıq, dünyanın qabaqcıl texnoloji həllərini tətbiq edirik”.
Deputat əlavə edib ki, Zəngilanın nəqliyyat və aqrar potensialı ölkəmizin xarici iqtisadi əlaqələrinə xüsusi dinamika qazandırır:
“Beynəlxalq Hava Limanının istifadəyə verilməsi, müasir magistral yolların və dəmir yolu xətlərinin çəkilməsi Zəngilanı Zəngəzur dəhlizinin mühüm hava və quru nəqliyyat mərkəzinə çevirir. Digər tərəfdən Türkiyə ilə birgə reallaşdırılan irimiqyaslı aqropark layihəsi işğaldan azad edilmiş ərazilərdə xarici investisiyanın uğurlu nümunəsidir. Böyük Qayıdışın davamlı xarakter alması Zəngilanın iqtisadi müstəqilliyimizin əsas sütunlarından birinə çevrildiyini sübut edir”.