MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

“Azərbaycan artıq Cənubi Qafqazla Avropa arasında birləşdirici qovşaq rolunda çıxış edir” – Kamal Cəfərov

13:20 22.07.2026



Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri və Berlin danışıqları Cənubi Qafqazda formalaşan yeni iqtisadi və siyasi nizamın Avropa tərəfindən tam qəbul edildiyini göstərir. İki dövlət arasında imzalanan Strateji Gündəlik üzrə Birgə Bəyannamə tərəfdaşlığı keyfiyyətcə yeni mərhələyə çıxarır.

Milli Məclisin deputatı Kamal Cəfərov bildirib ki, bu səfər bütövlükdə regionun təhlükəsizlik və inteqrasiya xəritəsinin yenidən müəyyənləşdirilməsidir:

“Almaniyanın Avropa İttifaqının aparıcı dövləti və iqtisadi gücü kimi Cənubi Qafqaz proseslərinə məhz bu müstəvidə yanaşması mühüm siyasi göstəricidir. Berlində əldə olunan razılaşmalar ikitərəfli əməkdaşlıqla məhdudlaşmayaraq regional sabitliyin təməllərini özündə əks etdirir. Əsas diqqətçəkən məqam odur ki, Azərbaycan artıq Cənubi Qafqazla Avropa arasında birləşdirici qovşaq rolunda çıxış edir. 200-dən çox Almaniya şirkətinin ölkəmizdə fəaliyyət göstərməsi və Birgə Biznes Şurasının yaradılması bu etimadın bariz göstəricisidir”.

Deputat vurğulayıb ki, AXC-Müsavat hakimiyyəti dövründə xarici siyasətdə prioritetlərin düzgün müəyyən edilməməsi, strateji baxışın olmaması və Avropanın aparıcı dövlətləri ilə münasibətlərdə kortəbii addımların atılması ölkəmizi beynəlxalq aləmdə təcrid vəziyyətinə salmışdı:

“Həmin dövrdə xarici siyasət pərakəndəliyi və məqsədsizlik Azərbaycanın milli maraqlarını qorumağa imkan vermirdi. Bu gün isə biz Almaniya kimi Avropanın iqtisadi və siyasi gücü olan bir dövlətlə bərabərhüquqlu tərəfdaşlıq edirik, şərtlərimizi diqtə edirik və öz suveren yolumuzdan geri çəkilmirik. Bu, dövlətçilik təfəkkürünün və strateji iradənin təcəssümüdür”.

Azərbaycanın öz ərazisindən Ermənistana 40 min tondan çox tranzit yükün keçidini təmin etməsi, həmçinin bu ölkəyə benzin və dizel yanacağının tədarükünə başlaması Cənubi Qafqazda iqtisadi inteqrasiyanın nümunəsidir. Əvvəllər təcrid olunmuş və blokada şəraitində olan iqtisadiyyatların bu gün Azərbaycanın yaratdığı logistik imkanlar vasitəsilə bərpası regional sülhün zəmanətidir.

“Almaniyanın xarici işlər nazirləri səviyyəsində keçirilən görüşlərə ev sahibliyi etməklə sülh prosesinə verdiyi dəstək təqdirəlayiqdir. Bu gün Avropa İttifaqı Şurasının Prezidenti Koşta və Avropa Komissiyasının Prezidenti Fon der Lyayenin Azərbaycana səfərləri də göstərir ki, Aİ Bakının yaratdığı yeni regional mənzərəni tam qəbul edir. Öz gücü ilə torpaqlarını azad edən və suverenliyini bərpa edən Azərbaycan bu gün regiona sülh və inkişaf gətirən əsas tərəfdir”.