MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında süni intellektdən istifadə qaydaları üzrə təlim keçirildi

11:00 22.10.2026



Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında süni intellektdən istifadə qaydaları üzrə təlim keçirilib.
 
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (#AHİK) süni intellekt texnologiyalarının tətbiqi ilə bağlı növbəti təlimlərə başlanılıb.
 
Bununla əlaqədar keçirilən tədbirdə çıxış edən Konfederasiyanın sədri Sahib Məmmədov ölkəmizdə rəqəmsal inkişafın və süni intellektin tətbiqinin müasir dövrün prioritet istiqamətlərindən olduğunu, dövlət başçısı tərəfindən bu mühüm sahəyə xüsusi diqqət yetirildiyini vurğulayıb. Qeyd edilib ki, “Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyası”nın qəbul edilməsi və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Rəqəmsal İnkişaf Şurasının yaradılması bu sahənin inkişafına verilən böyük önəmin göstəricisidir.
 
Diqqətə çatdırılıb ki, əmək bazarındakı yeni çağırışlar fonunda əməkdaşların bilik və bacarıqlarının artırılması mühüm əhəmiyyət kəsb edir. “İş yerlərində süni intellekt alətlərindən etik və məsuliyyətli istifadə” mövzusunda təşkil edilən təlimlər də bu məqsədə xidmət edir.
 
Təlimdə təqdimatla çıxış edən Milli Məclisin deputatı Kamal Cəfərov süni intellekt alətlərinin bir çox sahədə, o cümlədən sənəd dövriyyəsinin idarə olunmasında, mühasibat əməliyyatlarında, üzvlərin müraciətlərinin emalında və məlumatların təhlilində tətbiqi imkanları barədə geniş məlumat verib.
 
Təqdimatda süni intellekt və onun texnoloji üstünlükləri, istifadə qaydaları, müxtəlif platformalarda iş prinsipləri izah edilib, rəqəmsal texnologiyalardan etik, təhlükəsiz və məsuliyyətli istifadənin əhəmiyyəti diqqətə çatdırılıb.
 
Təlim çərçivəsində interaktiv tapşırıqlar və praktik məşğələlər təşkil olunub.