MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

Dövlət qulluqçuları üçün etik təlimlər davam edir

16:15 09.04.2025



Dövlət qulluqçuları üçün etik təlimlərimiz davam edir. Təlimləri NLP texnologiyalarından və provokativ etik dillemmalardan istifadə edərək keçirik. Bəzən nəzəri və mənəvi tərəflərini də müzakirə edirik.
Təlimdən qısa fikirlər:
İnsanların bir-biri ilə əməkdaşlıq etmək ehtiyacı tarix boyu onların sağ qalması üçün vacib şərt olub. Məşhur tarixçi və müəllif Yuval Noah Harari özünün məşhur "Sapiens" əsərində bildirir ki, insanların bugünkü yüksək səviyyəli əməkdaşlıq qabiliyyəti məhz onların erkən tarixində birgə ov etməsi və qrup halında yaşaması ilə əlaqəlidir.
Başqa sözlə desək, insanlar artıq qədim dövrlərdən etibarən anladılar ki, birgə ov etmək, birlikdə təhlükələrə qarşı mübarizə aparmaq və ümumi qaynaqları bölüşmək üçün müəyyən etik qaydalara riayət etmək lazımdır. Bu qaydalar həm qrup daxilində inamı artırır, həm də hər bir fərdin təhlükəsizliyini təmin edirdi.
Müxtəlif elm sahələrindən olan alimlərin tədqiqatları göstərir ki, etik davranış qaydaları insanların təhlükəsizliyi, firavanlığı və xoşbəxtliyi üçün vacibdir və cəmiyyətlərin inkişafının əsasında dayanır.
Bəs insanlar etik davranış məhz onlara fayda gətirdiyi üçün bu qaydalara əməl etməlidir?
Etik yaşamağı və işləməyi fayda və ya gəlir gətirdiyi üçün yox, məhz elə vacib olduğu üçün etmək lazımdır. Həyatda yaxşı işləri məhz elə lazım olduğu üçün etmək lazımdır. Misal üçün kiməsə fiziki xəsarət yetirən şəxs cəza alacağı üçün deyil, bunun doğru olmadığı üçün, etik olmadığı üçün etməməlidir. Və ya çalışdığı qurumda vəzifəsindən sui-istifadə edərək qeyri-qanuni yolla gəlir əldə edən şəxs həbs olunacağı və daha çox zərər görəcəyi üçün yox, bu əməli ümumilikdə doğru olmadığı üçün etməməlidir.
Etik işləməyin əsl səbəbi dürüstlük və hər bir insanın hörmətə layiq olduğu düşüncəsi olmalıdır.