MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

İlham Əliyev necə böyük lider oldu?

16:37 20.10.2026



Tarixə yön verən böyük dövlətlər və liderlər olur. Amma hər böyük dövlətin lideri böyük olmur, hər böyük lider də böyük dövlətdən çıxmır.
 
ABŞ Prezidenti Donald Tramp İlham Əliyevi böyük lider hesab edir. Azərbaycan xalqı isə bunu çoxdan bilir. Çünki həm hərbi zəfəri, həm də onun qədər çətin və əhəmiyyətli olan sülhü qazandıran məhz İlham Əliyevdir.
 
Bu zəfərlərdə xalqımız rolu isə həlledicidir. Ancaq bu rol anadangəlmə qabiliyyət olmayıb, çoxlu sınağa çəkilib, itkilər olub, ilmə-ilmə toxunulub.
 
Təsəvvür edin ki, bir xalq bir əsrdə dağılır, eyni əsrdə möcüzələr göstərir.
 
Azərbaycan xalqı əsrin əvvəlində məhv olmaq astanasına çatmışdı, 30 il sonra dünyada heç bir xalqın edə bilmədiyi, mütləq zəfər qazandı.
 
Ancaq Azərbaycan xalqı dəyişməmişdi, eyni xalq idi.
 
35 il əvvəl dədə-baba torpaqlarından zorla çıxarıldı, torpaqları işğal oldu və nəhayət dövlətçiliyi məhv olmağının bir astanasında idi.
 
Dəyişən dövlətlə cəmiyyət arasındakı münasibət idi və bu münasibəti dəyişən Ümummilli Lider Heydər Əliyev olmuşdur.
 
Cəmiyyətin həmrəyliyi, liderə inamı və müharibənin haqq olduğuna inancı həlledici rol oynadı.
 
Azərbaycan xalqı ancaq 32 il sonra ərazi bütövlüyü, suverenliyini, milli ləyaqətini bərpa etdi.
 
Qarabağ Zəfərinin Ali Baş Komandanı İlham Əliyev sübut etdi ki, böyük zəfərlər gənc nəslin milli-mənəvi ruhda tərbiyə edilməsi, ordu quruculuğu, müasir silahlanma və diplomatik mübarizə ilə hazırlanır, düzgün seçilmiş anda qazanılır və vaxtında dayanmağı bacarmaqla möhkəmləndirilir.
 
2025-ci ilin avqustunda Vaşinqtonda sülh sazişinin mətninin paraflanması göstərdi ki, böyük lider sülhü də öz şərtləri ilə, ləyaqət mövqeyindən qurandır.
 
Azərbaycan Prezidenti İlham Əliyevin böyük lider olduğunu göstərən bir çox amillər var. Ancaq hesab edirəm ki, onların içərisində ən müqəddəsi onun tarixi zəfərin müəllifliyini Azərbaycan əsgəri ilə bölüşməsindədir.
 
İlham Əliyev dəfələrlə vurğulayıb ki, dövlətin nə qədər gücü, nə qədər silahı olsa da, əməliyyatlar nə qədər düzgün planlaşdırılsa da, Qələbəni qazanan əsgər və zabitdir. Sinəsini qabağa verən, ölümə gedən və Bayrağı qaldıran odur.
 
Elə buna görə YAP-ın 8-ci qurultayında dedi ki, fəxr edirik ki, bu zəfəri özümüz qazanmışıq, silahı öz gücümüzə almışıq, torpağı şəhidlərimizin qanı hesabına qaytarmışıq. Dostlarımız da, düşmənlərimiz də bəlli idi.
 
YAP-ın qurultayından dərhal sonra Sabirabadda keçirilən iclasda şəhid atası Fəzail dayı dedi ki, müharibə başlayanda əlbəttə çox narahat oldum, torpağımızın qayıtmasını da istəyirdim.
 
O dedi ki, bizim milli adət-ənənə var. Adətən böyük qərarlar verəndə ata ilə məsləhət edərlər. Ancaq mənim övladım mənimlə məsləhətləşmədən Ali Baş Komandanın çağırışına getdi. O heç Qarabağı görməmişdi də.
 
Fəzail dayı deyir ki, şəhid övladı ilə də, onun qərarı ilə də fəxr edir. Onun digər 2 övladı da hərbçidir və müharibədə hər 3 övladı vuruşub.
 
Tədbirdə hər kəsin içində Fəzail dayıdan soruşdum, müharibədə oğlun Şahlarla kim çiyinə-çiyinə vuruşub? Dedi Azərbaycan xalqı, öz övladlarımız. Soruşdum ki, müharibədə oğlun yaralanan döyüş yoldaşına kömək edəndə onun hansı dinə, məzhəbə və ya etnik qrupa mənsub olduğunu soruşubmu? Dedi ki, onların yalnız bir amalı olub, Azərbaycan, Azərbaycançılıq!
 
Bax, bizim milli kimliyimiz şəhid atası Fəzail dayının bu sözlərində açıqca görsənir. Azərbaycançılıq. Budur bizim milli ideologiyamız, bizi yaşadan və əsrlərdir kimliyimizi saxlamağa imkan verən xüsusiyyətimiz. Bunu hər bir Azərbaycan vətəndaşı qorumalıdır.
Milli kimliyimiz dövlətçiliyimizin yaşaması üçün ən ümdə nemətdir, və hər şeydən öndə gəlir.
 
Bu isə məni növbəti suala gətirir. Bildiyiniz kimi dövlətə münasibətdə onun böyüklüyü coğrafi sərhədlərilə ölçülmür. Bu gün Azərbaycan orta güc hesab olunur.
 
Bəs İlham Əliyev Azərbaycanı niyə və necə böyük dövlət çevirmək istəyir?