MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

"Azərbaycanın formalaşdırdığı iqtisadi model regional çərçivələri aşaraq qlobal səviyyədə xüsusi çəki qazanır" - Kamal Cəfərov

15:54 30.09.2026



Azərbaycanın qlobal iqtisadiyyatda etibarlı tərəfdaş mövqeyinin möhkəmləndirilməsi və qeyri-neft sənayesinə xarici investisiyaların cəlb olunması istiqamətində növbəti mühüm adımlar atılır. II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda Prezident İlham Əliyev tərəfindən bəyan edilən prioritetlər ölkənin uzunmüddətli inkişaf modelinin, maliyyə sabitliyinin və şaxələndirmə siyasətinin məntiqini aşkara çıxarır.

Milli Məclisin deputatı Kamal Cəfərov forumda elan edilən məqsədləri şərh edərək bildirib ki, Azərbaycanın formalaşdırdığı iqtisadi model regional çərçivələri aşaraq qlobal səviyyədə xüsusi çəki qazanır:

“Ölkəmizin son onilliklərdə qazandığı iqtisadi müstəqillik və davamlı siyasi sabitlik xarici investorlar üçün başlıca zəmanətdir. Dövlət borcunun minimum həddə saxlanılması, strateji valyuta ehtiyatlarının xarici borcu dəfələrlə üstələməsi və milli valyutanın uzun illər ərzində sabit qalması dövlətimizin maliyyə suverenliyinin nə dərəcədə möhkəm olduğunu sübut edir. Bu gün xarici kapitalın ölkəmizə inamla daxil olması qeyd olunan institusional dayanıqlılıqla bağlıdır. İmzalanmış sazişlərə və beynəlxalq öhdəliklərə 30 ildən artıq müddətdə dəqiqliklə riayət olunması xarici işgüzar dairələrdə Azərbaycana sarsılmaz etibar qazandırıb. Neft və qaz sahəsindən əldə olunan gəlirlərin qeyri-neft sektoruna, müasir infrastruktur layihələrinə yönəldilməsi isə gələcək riskləri neytrallaşdıran uzunmüddətli iqtisadi təhlükəsizlik zənciri yaradır”.

Deputat əlavə edib ki, forum çərçivəsində bərpaolunan enerji, logistika və rəqəmsal texnologiyalar üzrə irəli sürülən təşəbbüslər ölkənin sənaye və ixrac potensialını köklü şəkildə artıracaq:

“Ənənəvi enerji resursları ilə yanaşı alternativlərin reallaşdırılması daxili təbii qaz istehlakını optimallaşdırmağa və həmin ehtiyatları ixraca yönəltməyə şərait yaradır. Xəzər dənizindən Avropaya, eləcə də Mərkəzi Asiya regionunu əhatə edən yaşıl enerji və elektrik kabel layihələri Azərbaycanı regionun əsas enerji və rəqəmsal qovşağı kimi mövqeləndirir. Ölkəmizin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat koridorlarının mərkəzi halqasına çevrilməsi qonşu ölkələrlə qurulan praqmatik və proqnozlaşdırılan münasibətlərin nəticəsidir. Müasir dəmir yolları, dəniz limanları, rəqəmsal gömrük inzibatçılığı və Mərkəzi Asiya dövlətləri ilə inteqrasiya tranzit yüklərin həcmində nəzərəçarpan artımı şərtləndirir, bu da xarici investorlar üçün tamamilə yeni perspektivlər açır”.

Kamal Cəfərov insan kapitalının və təhlükəsizlik amilinin investisiya mühitindəki rolu barədə də fikirlərini bölüşüb:

“İnvestisiya mühitinin cəlbediciliyi həm fiziki infrastrukturla, həm də ixtisaslı kadr potensialı və təhlükəsizlik mühiti ilə ölçülür. Dövlət proqramları çərçivəsində gənclərin xaricdə təhsil alması, yerli mütəxəssislərin qlobal idarəetmə təcrübəsinə yiyələnməsi və Kibertəhlükəsizlik Mərkəzi kimi addımlar ölkəmizdə süni intellekt, data mərkəzləri və rəqəmsal iqtisadiyyatın inkişafına möhkəm zəmin yaradır. Eyni zamanda 30 illik işğala son qoyulması və suverenliyimizin tam bərpa edilməsi regionda tamamilə yeni geoiqtisadi reallıq formalaşdırıb. 1990-cı illərin əvvəlindəki daxili münaqişələrin yaratdığı qeyri-stabil vəziyyət xarici investorların ölkəmizə cəlb olunmasına uyğun olmamışdır, hətta yerli sahibkarlar belə fəaliyyətlərini davam etdirmək üçün ciddi maneələrlə üzləşirdilər. Həmin dövrdə AXC-Müsavat hakimiyyətinin yaratdığı böhranlı vəziyyətdən böyük zəfərə və sürətli yüksəlişə keçən Azərbaycan bu gün beynəlxalq tərəfdaşlara təhlükəsiz, dayanıqlı və gəlirli əməkdaşlıq mühiti təqdim edir”.