MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

"Füzuli şəhəri bu gün sürətli bərpa və müasir şəhərsalma modelinin canlı nümunəsinə çevrilib" - Kamal Cəfərov

14:32 17.10.2026



İşğal dövründə tamamilə dağıdılmış, infrastrukturu məhv edilmiş və kütləvi şəkildə minalanmış Füzuli şəhəri bu gün sürətli bərpa və müasir şəhərsalma modelinin canlı nümunəsinə çevrilib.

Milli Məclisin deputatı Kamal Cəfərov Füzuli şəhəri günü münasibətilə verdiyi açıqlamada bildirib ki, Füzulinin azad edilməsi və qısa müddətdə dirçəldilməsi Azərbaycanın iqtisadi müstəqilliyinin və dövlət iradəsinin təcəssümüdür:

“Füzuli uğrunda aparılan döyüşlər düşmənin dərinləşdirilmiş hərbi müdafiə sədlərinin yarılması baxımından Vətən müharibəsinin ən mürəkkəb əməliyyatlarından idi. Bu Zəfər regionda tamamilə yeni reallıq yaratdı. Ermənistanın onilliklər boyu həyata keçirdiyi kütləvi minalama siyasəti və infrastruktura vurduğu ağır ziyan bu gün də bərpa prosesi üçün əsas maneələrdən biri olaraq qalır. Lakin buna baxmayaraq dövlətimiz daxili resursları hesabına bölgədə ciddi quruculuq işləri aparır. Qısa müddətdə strateji magistral yolların, müasir energetika şəbəkəsinin və beynəlxalq hava limanının istifadəyə verilməsi Füzulini bütün Qarabağın əsas logistik və nəqliyyat qovşağına çevirib”.

Deputat əlavə edib ki, Füzulinin yenidən qurulması prosesi daxili imkanlarla mahdudlaşmır, həmçinin Türk dünyasının və dost ölkələrin mənəvi-siyasi həmrəylik meydanına çevrilir:

“Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin öz doğma ocaqlarına təhlükəsiz qaytarılması prosesi davamlı xarakter alıb. Zamanında AXC-Müsavat hakimiyyətinin yaratdığı qarışıqlıq və idarəetmə böhranı ucbatından Füzulinin itirilməsi regional təhlükəsizlik və iqtisadiyyatımıza vurulan ağır zərbə idi. Həmin böhranlı dövrdən böyük Zəfərə və sürətli dirçəlişə keçən Azərbaycan bu gün Füzulidə modern infrastruktur formalaşdırmaqla tarixi ədaləti tam bərpa edir. Füzulidə yaradılan müasir yaşayış məhəllələri, sosial obyektlər və təhsil müəssisələri sakinlərimiz üçün yüksək həyat standartları təmin edir. Dövlət başçısının təsdiqlədiyi Baş plan əsasında Füzuli yaxın gələcəkdə regionun müasir, yaşıl və rəqəmsal şəhərlərindən biri kimi inkişafının yeni dövrünü yaşayacaq”.