MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

"Ölkəmiz Cənub-Şərqi Asiya kimi dinamik inkişaf edən bazarlarda da dayaq nöqtələrini formalaşdırır" - Kamal Cəfərov

11:25 14.10.2026



Azərbaycanın xarici siyasətində coğrafi baxımdan uzaq, lakin strateji baxımdan potensialı böyük olan regionlarla birbaşa təmasların artması təsadüfi xarakter daşımır. Laos Xalq Demokratik Respublikasının Prezidentinin ölkəmizə səfəri və qəbul edilən birgə sənədlər göstərir ki, ölkəmiz Cənub-Şərqi Asiya kimi dinamik inkişaf edən bazarlarda da dayaq nöqtələrini formalaşdırır.

Milli Məclisin deputatı Kamal Cəfərov Laos rəhbərinin səfərinin mahiyyətini şərh edərək bildirib ki, bu təmaslar iki ölkə arasındakı iqtisadi passivliyi aradan qaldırmaq üçün konkret fəaliyyət planıdır:

“Siyasi səviyyədə üst-üstə düşən mövqelər və BMT çərçivəsindəki qarşılıqlı dəstək uzun illər ərzində mövcuddur, lakin iqtisadi göstəricilər bu potensialı əks etdirmirdi. Bizim əsas vəzifəmiz dövlətlərarası razılaşmaları biznes subyektləri üçün cəlbedici layihələrə çevirməkdir. Azərbaycan bu gün xarici ölkələrin sənaye, enerji və infrastruktur sahələrinə birbaşa kapital yatıran fəal tərəfdir. Laosda təqdim olunacaq konkret layihələrə yerli kapitalımızın yönəldilməsi şirkətlərimizin Asiya bazarında mövqeyini möhkəmləndirəcək və gəlirlərimizin coğrafi baxımdan şaxələnməsini təmin edəcək. Digər tərəfdən hələ sovet dövründən Azərbaycanda ali təhsil almış minlərlə laoslu mütəxəssisin olması böyük bazadır və bu gün təqaüd proqramları ilə həmin ənənənin bərpası ölkəmizin regiondakı dostluq və beynəlxalq nüfuz imkanlarını birmənalı olaraq artıracaq”.

Deputat vurğulayıb ki, tərəflərin maraqlarının kəsişdiyi mühüm nöqtələrdən biri nəqliyyat dəhlizləri və təhlükəsizlik çağırışlarıdır:

“Bu gün Şərqi Asiyada həyata keçirilən dəmir yolu layihələrinin gələcəkdə Trans-Xəzər nəqliyyat marşrutuna inteqrasiyası qitələrarası tranzit xəritəsini köklü şəkildə dəyişə bilər. Azərbaycan öz ərazisində bütün infrastruktur bazasını tam hazır vəziyyətə gətirib və indi əsas hədəf yeni mənbələrdən yük axınlarını ölkəmizə cəlb etməkdir. Laosun logistik imkanlarının bu zəncirə qoşulması hər iki tərəf üçün ciddi tranzit gəlirləri vədd edir. Eyni zamanda hər iki dövlətin onilliklər boyu mina faciəsindən əziyyət çəkməsi bizi humanitar təhlükəsizlik sahəsində də tərəfdaş edir. Torpaqlarımızın minalardan təmizlənməsi istiqamətində topladığımız müasir texnoloji təcrübə və mütəxəssis bazası ikitərəfli təlimlərin və birgə layihələrin keçirilməsinə imkan verir”.