SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
"Azərbaycanın öz gücü ilə suverenliyini bərpa etməsi qlobal siyasətdə yeni bir nümunədir" - Kamal Cəfərov
Müasir beynəlxalq münasibətlər sistemində qlobal təhlükəsizlik mexanizmlərinin effektivliyini itirdiyi şəraitdə regional sabitliyin təmin edilməsi müstəqil iradə tələb edir. Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Zirvə Görüşündə Prezident İlham Əliyevin vurğuladığı məqamlar Azərbaycanın Avrasiya məkanında artan rolunu və beynəlxalq hüquqa sadiqliyini növbəti dəfə nümayiş etdirdi.
Milli Məclisin deputatı Kamal Cəfərov Zirvə Görüşü ilə bağlı bildirib ki, beynəlxalq təşkilatların fəaliyyətsiz olduğu mühitdə Azərbaycanın öz gücü ilə suverenliyini bərpa etməsi qlobal siyasətdə yeni bir nümunədir:
“Dünya birliyinin və vasitəçi institutların uzun illər nümayiş etdirdiyi laqeydlik beynəlxalq hüquq normalarının tətbiqini ciddi şübhə altına almışdı. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin kağız üzərində qalması mövcud mexanizmlərin böhranları həll edə bilmədiyini göstərdi. Bu gün işğalçı siyasət yürüdənlərin məhkəmə qarşısında cavab verməsi beynəlxalq ədalətin bərqərar olunması baxımından müstəsna əhəmiyyət kəsb edir”.
Deputat AXC-Müsavat hakimiyyəti dövründəki xarici siyasət böhranına toxunaraq günümüzün reallıqlarını müqayisə edib:
“1990-cı illərin əvvəllərində AXC-Müsavat cütlüyünün idarəçiliyi nəticəsində Azərbaycan qlobal diplomatiyadan təcrid olunmuş, nüfuzlu beynəlxalq platformalarla əlaqələr sıfır səviyyəsinə enmişdi. Qeyri-peşəkar xarici siyasət və daxili xaos ölkəmizin beynəlxalq aləmə haqlı səsini çatdırmasına imkan vermirdi, bu da torpaqlarımızın işğalına şərait yaradan əsas faktorlardan idi.
Bu gün isə Azərbaycan qalib ölkə kimi regionda sülh gündəliyini irəli sürür, eyni zamanda nəqliyyat, rəqəmsallaşma və energetika sahələrində təşəbbüskar rolu ilə Avrasiyada əməkdaşlığı möhkəmləndirir. Ölkəmiz həm öz təhlükəsizliyini təmin etdir, həm də geniş coğrafiyada davamlı sabitliyin və iqtisadi inteqrasiyanın hərəkətverici qüvvəsinə çevrilir”.