MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

"Cənub-Şərqi Asiya ölkələri ilə qurulan əlaqələr Azərbaycanın Asiya qitəsindəki geosiyasi və geoiqtisadi mövqelərini möhkəmləndirir" - Kamal Cəfərov

19:49 13.10.2026



Azərbaycanın xarici siyasətində Cənub-Şərqi Asiya regionu ilə əlaqələrin dərinləşdirilməsi və bu coğrafiyada iqtisadi-siyasi nüfuzun artırılması istiqamətində ardıcıl addımlar atılır. Kambocanın Baş nazirinin ölkəmizə rəsmi səfəri və ali səviyyədə aparılan danışıqlar Bakının coğrafi məsafələrdən asılı olmayaraq qarşılıqlı faydalı əməkdaşlıq mexanizmləri qurmaq strategiyasının göstəricisidir.

Milli Məclisin deputatı Kamal Cəfərov iki ölkə arasında formalaşan yeni münasibətlər dinamikasını və dövlət başçısının bəyanatındakı əsas məqamlarla bağlı qeyd edib ki, Cənub-Şərqi Asiya ölkələri ilə qurulan əlaqələr Azərbaycanın Asiya qitəsindəki geosiyasi və geoiqtisadi mövqelərini möhkəmləndirir:

“Müasir dünyada coğrafi uzaqlıq iqtisadi və siyasi tərəfdaşlıq üçün maneə hesab edilə bilməz. Əsas məsələ qarşılıqlı siyasi iradənin olması və potensial imkanlardan doğru istifadə mexanizmlərinin qurulmasıdır. Biz sənayenin müxtəlif sahələrində birgə istehsalat zəncirləri yaratmaq, turizm və təhsil kimi strateji sahələrdə uzunmüddətli əməkdaşlıq qurmaq imkanına sahibik. Hər iki tərəfdə biznes subyektlərinin bir-birinin bazar potensialı barədə məlumatlılıq səviyyəsinin yüksəldilməsi yaxın gələcəkdə real iqtisadi nəticələr verəcəkdir”.

Deputat əlavə edib ki, Azərbaycanın institusional brendlərinin beynəlxalq aləmdə təşviqi və parlament diplomatiyasının imkanları Asiya regionunda ölkəmizə olan marağı daha da artırır:

“Dövlət xidmətlərinin göstərilməsi sahəsində milli modelimiz olan “ASAN xidmət” sisteminin beynəlxalq müstəvidə, o cümlədən Cənub-Şərqi Asiyada tətbiqinə göstərilən maraq idarəetmə təcrübəmizin yüksək effektivliyinin göstəricisidir. Siyasi-parlament müstəvisində isə Azərbaycanın regional təşkilatlarla yaxınlaşması xarici siyasətimizin prioritetlərinə cavab verir və regionda çoxşaxəli diplomatiyamızın uğurlu davamıdır”.

Kamal Cəfərov beynəlxalq hüquq prinsiplərinə sadiqlik və post-münaqişə dövrünün çağırışları kontekstində iki dövləti birləşdirən ortaq dəyərlərə də toxunub:

“Hər iki ölkənin keçmişdə və hazırda bənzər çağırışlarla üzləşməsi beynəlxalq platformalarda həmrəylik mühiti formalaşdırır. Ən başlıcası isə suverenlik, ərazi bütövlüyü və beynəlxalq hüququn aliliyi kimi fundamental prinsiplərə sadiqlik tərəfdaşlığımızın əsas sütununu təşkil edir. Azərbaycan öz gücü ilə suverenliyini tam bərpa etdikdən sonra azad edilmiş torpaqlarda genişmiqyaslı yenidənqurma işləri aparır və bu prosesdə beynəlxalq hüquqa söykənən sülh və təhlükəsizlik formasını regionda nümunə olaraq təqdim edir”.