SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
20 Yanvar – Milli yaddaşın hüzn və qürur zirvəsi
Prezident İlham Əliyevin 20 Yanvar faciəsi ilə bağlı çıxışları və dövlət səviyyəsində həyata keçirilən ardıcıl tədbirlər bu tarixin Azərbaycan xalqının milli yaddaşında tutduğu müstəsna yeri bir daha təsdiqləyir. 20 Yanvar təkcə qanlı repressiya aktı deyil, eyni zamanda xalqımızın azadlıq və müstəqillik uğrunda sarsılmaz iradəsinin təcəssümüdür. Bu faciə sovet totalitar rejiminin Azərbaycan xalqına qarşı törətdiyi açıq hərbi cinayət kimi tarixə həkk olunub və milli kimliyimizin formalaşmasında dönüş nöqtəsinə çevrilib.
Deputat Kamal Cəfərov bildirib ki, 1990-cı ilin 20 yanvarına aparan proseslər təsadüfi olmayıb, məqsədli və əvvəlcədən planlaşdırılmış siyasi-hərbi əməliyyatın nəticəsi olub. Ermənistanın ərazi iddiaları, azərbaycanlıların tarixi torpaqlarından deportasiyası və milli azadlıq hərəkatının yüksəlişi fonunda sovet rəhbərliyinin seçdiyi yol dinc əhaliyə qarşı güc tətbiqi olub. Nəticədə qadın, uşaq və qocalar da daxil olmaqla yüzlərlə günahsız insan amansızcasına qətlə yetirilib.
Deputat vurğulayıb ki, sovet ordusunun Bakıya yeridilməsi ilə bağlı fövqəladə vəziyyətin əhaliyə əvvəlcədən elan olunmaması, ağır texnikadan və müxtəlif silahlardan istifadə edilməsi bu hadisənin mahiyyət etibarilə insanlıq əleyhinə cinayət olduğunu açıq şəkildə sübut edir. Bu baxımdan 20 Yanvar faciəsi təkcə Azərbaycan tarixi üçün deyil, ümumbəşəri dəyərlər kontekstində də ağır hüquqi-siyasi məsuliyyət daşıyan hadisədir.
20 Yanvar faciəsindən sonra bu hadisələrdən siyasi kapital kimi istifadə etməyə çalışan Azərbaycan Xalq Cəbhəsinin hakimiyyətdə olduğu dövrdə faciəyə dövlət səviyyəsində hüquqi-siyasi qiymət verməməsi ciddi tarixi məsuliyyətsizlik olub. Deputatın sözlərinə görə xalqın tökülən qanı üzərindən səslənən şüarların real siyasi iradə ilə müşayiət olunmaması bu qüvvənin milli maraqlar qarşısında acizliyini açıq şəkildə ortaya qoyub.
Kamal Cəfərov xüsusi qeyd edib ki, 20 Yanvar hadisələrinə ilk siyasi-hüquqi qiymət Ümummilli Lider Heydər Əliyev tərəfindən verilib. Onun 1990-cı il yanvarın 21-də Moskvada verdiyi tarixi bəyanat Azərbaycan xalqının haqq səsinin dünyaya çatdırılmasında həlledici rol oynayıb. Ulu Öndərin “Mən bu faciəyə həmişə ürəkdən yanaraq həm də vətəndaşlıq borcumu yerinə yetirməyə çalışmışam və bu gün də həmin mövqedəyəm” sözləri milli iradənin və siyasi cəsarətin bariz nümunəsidir.
Deputatın sözlərinə görə, yalnız Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinə dövlət səviyyəsində obyektiv və prinsipial hüquqi qiymət verildi. 1994-cü ildə Milli Məclisin qəbul etdiyi qərar bu hadisəni sovet totalitar rejimi tərəfindən törədilmiş hərbi təcavüz və cinayət kimi rəsmən tanıdı. Bu qərar milli yaddaşın bərpası və tarixi ədalətin təmin olunması baxımından mühüm mərhələ oldu.
Deputat bildirib ki, Prezident İlham Əliyev də 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsinə və onların ailələrinə dövlət qayğısının gücləndirilməsinə xüsusi diqqət ayırır. Şəhidlər Xiyabanının yenidən qurulması, memorial komplekslərin yaradılması, sosial təminat tədbirlərinin genişləndirilməsi bu siyasətin real nəticələridir. Dövlət başçısının təşəbbüsü ilə şəhid ailələri və 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər üçün ardıcıl sosial islahatlar həyata keçirilir.
Kamal Cəfərov qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial siyasət nəticəsində son illərdə şəhid ailələri üçün təqaüdlər dəfələrlə artırılıb, mənzil və avtomobillərlə təminat proqramları genişləndirilib. Bu yanaşma dövlətin öz tarixi məsuliyyətini dərindən dərk etdiyini və şəhidlərin xatirəsinə sədaqətini nümayiş etdirir.
Deputat sonda vurğulayıb ki, 20 Yanvar həm dərin hüzn, həm də milli qürur günüdür. Bu tarix Azərbaycan xalqının azadlıq uğrunda mübarizəsinin simvolu olaraq gələcək nəsillər üçün dərs və örnəkdir. Onun fikrincə, 20 Yanvar şəhidlərinin xatirəsinin hər il ümumxalq ehtiramı ilə yad edilməsi milli birliyimizin, dövlətçilik şüurumuzun və müstəqillik əzmimizin təntənəsidir.