MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

Akademik Zərifə Əliyeva: Elmə və xalqa həsr olunan şərəfli ömür yolu

10:51 10.04.2026



Aprelin 15-i görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anım günüdür. Onun Azərbaycan səhiyyəsinin inkişafına həsr olunmuş mənalı ömür yolu həm elmi nailiyyətləri, həm də yüksək mənəvi keyfiyyətləri ilə xalqımızın yaddaşında silinməz iz qoyub. Prezident İlham Əliyevin vurğuladığı kimi, Zərifə xanım həqiqi bir elm fədaisi olmaqla yanaşı, ailə dəyərlərini hər şeydən uca tuturdu: “Mənim anam əsl alim idi. O, tibbin bütün incəliklərini öyrənməyə səy göstərirdi... Bununla bərabər mənimlə, Sevillə məşğul olmağa, bizi Azərbaycanın layiqli vətəndaşları kimi tərbiyə etməyə vaxt tapırdı”.

Deputat Kamal Cəfərovun mövqeyinə görə, Zərifə xanım Əliyevanın elmi fəaliyyəti bütövlükdə dövlət səhiyyə sistemi üçün mühüm əhəmiyyət kəsb edib. Xüsusilə XX əsrin ortalarında Azərbaycanda görmə qabiliyyətinin itirilməsinə səbəb olan traxoma infeksiyasının bir sosial bəla kimi ləğv edilməsi məhz onun gərgin əməyi və tətbiq etdiyi effektiv müalicə metodları ilə birbaşa bağlıdır. Kamal Cəfərov hesab edir ki, alimin kimya müəssisələrində çalışan işçilərin görmə orqanlarının peşə patologiyası sahəsində apardığı tədqiqatlar dünya oftalmologiya elmində yeni bir səhifə açmışdır. Bu fəaliyyətin SSRİ-nin ən nüfuzlu elmi mükafatlarından olan akademik M.İ.Averbax adına mükafatla qiymətləndirilməsi onun beynəlxalq miqyaslı uğurunun təsdiqidir.

Bu kontekstdə Zərifə xanımın şəxsiyyəti Azərbaycan ziyalısının ən parlaq nümunəsi kimi çıxış edir. Üzeyir Hacıbəyov, Müslim Maqomayev, Səməd Vurğun kimi nəhənglərin olduğu bir mühitdə boya-başa çatan bu şəxsiyyət, özündə milli mənəvi dəyərləri və müasir elmi baxışı birləşdirə bilmişdi. Ulu Öndər Heydər Əliyev Zərifə xanımın ailədəki rolunu və mənəvi dəstəyini yüksək qiymətləndirərək qeyd edirdi: “Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam. Həyatımın bütün dövrlərində işlə məşğul olduğuma görə ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üzərinə düşüb və o da bu vəzifəni şərəflə, sədaqətlə yerinə yetirib”.

Bu gün akademik Zərifə Əliyevanın irsi onun adını daşıyan Milli Oftalmologiya Mərkəzində və yetişdirdiyi böyük alimlər nəslində yaşamaqdadır. Kamal Cəfərov vurğulayır ki, alimin humanizm, xeyirxahlıq və yüksək vətəndaşlıq məsuliyyəti üzərində qurulmuş həyat fəlsəfəsi bugünkü gənc tibb mütəxəssisləri üçün örnəkdir. Zərifə xanım Əliyevanın xatirəsi xalqımızın qəlbində həm görkəmli alim kimi, həm də xeyirxahlıq və şəfqət mücəssəməsi olan böyük bir Azərbaycan qadını kimi əbədi qalacaqdır.