MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

Avrasiyanın yeni enerji və logistika qovşağı olan Bakı-Tiflis birliyi

13:08 09.04.2026



Prezident İlham Əliyevin Gürcüstana səfəri zamanı səsləndirdiyi iqtisadi göstəricilər və yeni investisiya planları Azərbaycanın bölgədəki iqtisadi liderliyinin və Gürcüstanla qurulan sıx tərəfdaşlığın praktiki nəticələrini ortaya qoyur. Dövlət başçısı iqtisadi sahədəki dinamikanı belə xarakterizə etmişdir: “Keçən il bizim ticarət dövriyyəmiz 800 milyon dollardan çox olmuşdur... Belə gedərsə, biz bəlkə də ilin sonuna qədər bir milyard rəqəminə də çatacağıq”.

Millət vəkili Kamal Cəfərovun mövqeyinə görə, bu rəqəmlər Azərbaycanın Gürcüstanın iqtisadi inkişafına və regional inteqrasiyaya verdiyi böyük dəstəyin təzahürüdür. Gürcüstanın müsbət sərmayə şəraiti sayəsində Azərbaycanın bu ölkə iqtisadiyyatına 3,7 milyard dollar investisiya yatırması tərəfdaşlığın dərinliyindən xəbər verir. Xüsusilə energetika və nəqliyyat sektorlarında qurulan infrastruktur, o cümlədən 20 ildir fəaliyyət göstərən Bakı-Tbilisi-Ceyhan kəməri və Cənub Qaz Dəhlizi bu gün geniş bir coğrafiyanın enerji təhlükəsizliyinin əsasını təşkil edir.

Kamal Cəfərov qeyd edir ki, Azərbaycan qazının 16 ölkəyə ixrac olunması və bu zəncirin məhz Gürcüstandan başlaması hər iki dövləti Avrasiyanın mühüm enerji mərkəzinə çevirir. Eyni zamanda, "Orta Dəhliz"in genişləndirilməsi üzrə atılan addımlar Azərbaycan və Gürcüstanı qlobal logistik marşrutların mərkəzi nəqliyyat damarına çevirməkdədir. Bu əməkdaşlıq formatı göstərir ki, Bakı və Tiflis arasındakı münasibətlər qarşılıqlı inam və ortaq mənfəət üzərində qurularaq bütün qonşu dövlətlər üçün real və uğurlu bir nümunədir.