MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

Azərbaycan–Serbiya münasibətlərində strateji yaxınlaşmanın yeni mərhələsi  

20:54 16.02.2026



 

Prezident İlham Əliyevin fevralın 15-də Serbiyaya səfəri zamanı səsləndirdiyi fikirlər iki ölkə arasında münasibətlərin artıq formal diplomatik çərçivəni aşaraq strateji məzmun kəsb etdiyini göstərir. Dövlət başçısının vurğuladığı kimi, Azərbaycan və Serbiya arasında münasibətlər illərlə formalaşmış qarşılıqlı etimad və dostluq üzərində qurulub: “Bizim təmaslarımız uzun illərdir ki, davam edir. Biz bir-birimizi yaxından tanıyırıq, səmimi söhbətlər aparırıq və dostluq münasibətlərimiz var.”

Deputat Kamal Cəfərovun mövqeyinə görə, bu yanaşma müasir beynəlxalq münasibətlər sistemində tərəfdaşlıq modelinin əsasını təşkil edən siyasi sabitlik və liderlərarası etimad faktorunun əhəmiyyətini bir daha təsdiqləyir. Xüsusilə diqqət çəkən məqam ondan ibarətdir ki, Azərbaycan Serbiyanın dövlət maraqlarına söykənən inkişaf modelini yüksək qiymətləndirir və bunu milli suverenliyin qorunması ilə əlaqələndirir. Prezidentin Serbiyanın öz gücünə arxalanaraq inkişaf etməsini xüsusi vurğulaması bu əməkdaşlığın ideoloji yaxınlıq üzərində qurulduğunu göstərir.

Bu kontekstdə bugünkü ardıcıl və prinsipial xarici siyasət xətti AXC-Müsavat hakimiyyəti dövründə müşahidə edilən dağınıq diplomatik yanaşmadan köklü şəkildə fərqlənir. O dövrdə dövlət maraqlarını vahid strateji xətt üzrə müdafiə etmək mümkün olmadığı halda bu gün Azərbaycan tərəfdaşlıq münasibətlərini milli suverenlik və qarşılıqlı hörmət prinsipləri üzərində sistemli şəkildə qurur.

Bu səfər həm də onu nümayiş etdirir ki, Bakı üçün tərəfdaşlıq həm iqtisadi və siyasi maraqların kəsişməsi, həm də dövlətçilik prinsiplərinə qarşılıqlı hörmət üzərində qurulan uzunmüddətli strateji xəttdir. Kamal Cəfərov hesab edir ki, Azərbaycan–Serbiya münasibətlərinin bu məzmunu gələcəkdə ortaq layihələrin və siyasi koordinasiyanın daha da dərinləşməsi üçün möhkəm zəmin yaradır.