MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

Azərbaycan idmanı: Dövlət siyasətinin uğurlu modeli

16:19 04.01.2026



Prezident İlham Əliyevin 2025-ci ilin idman yekunlarına həsr olunmuş mərasimdə səsləndirdiyi fikirlər Azərbaycanın idman sahəsində əldə etdiyi sistemli və dayanıqlı uğurların aydın mənzərəsini ortaya qoyur. Dövlət başçısının çıxışı bir daha təsdiq edir ki, idmanın inkişafı Azərbaycanda təsadüfi proses deyil, uzunmüddətli və məqsədyönlü dövlət siyasətinin nəticəsidir. Cənab Prezidentin vurğuladığı kimi, “bu il idmançılarımız tərəfindən qazanılan medalların sayı rekord həddə çatıb” və beynəlxalq yarışlarda əldə olunan 2000-dən çox medal ölkəmizin idman potensialının real göstəricisidir.

Deputat Kamal Cəfərov qeyd etmişdir ki, Prezident İlham Əliyevin idman nailiyyətlərini ümumi dövlət inkişaf strategiyasının tərkib hissəsi kimi təqdim etməsi xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, dövlət başçısının “Azərbaycanda idmanın inkişafı dövlət siyasətidir” fikri bu sahəyə göstərilən diqqətin konseptual əsaslarını açıq şəkildə ifadə edir. Məhz bu siyasətin nəticəsidir ki, ölkə üzrə idman infrastrukturu demək olar ki, sıfırdan qurulmuş, bölgələrdə Olimpiya İdman komplekslərinin sayı 46-ya çatmışdır.

Deputat vurğulamışdır ki, Prezident İlham Əliyevin çıxışında sağlam gənc nəslin formalaşdırılması məsələsinə xüsusi yer ayrılması idmanın yalnız fiziki deyil, strateji-sosial əhəmiyyət daşıdığını göstərir. Dövlət başçısının “sağlam gənc nəsil, ilk növbədə, ölkənin gələcək inkişafı üçün lazımdır” fikri gənclərin həm fiziki, həm də mənəvi baxımdan yetişdirilməsinin prioritet olduğunu ortaya qoyur. Kamal Cəfərovun fikrincə, bu yanaşma idmanı cəmiyyətin dayanıqlı inkişaf mexanizminə çevirir.

Eyni zamanda, Prezident İlham Əliyevin gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində idmanın rolunu önə çəkməsi mühüm ideoloji mesajdır. Dövlət başçısı açıq şəkildə bildirmişdir ki, “gənclərin fiziki hazırlığı, mənəvi saflığı vəhdət təşkil etməlidir”. Deputat hesab edir ki, bu tezis idmanı milli-mənəvi dəyərlərin daşıyıcısına çevirir və gənclərin Vətənə bağlılığını gücləndirir.

Prezidentin beynəlxalq idman yarışlarının ölkənin imicinə təsiri barədə səsləndirdiyi fikirlər də xüsusi diqqət çəkir. MDB ölkələrinin üçüncü Oyunlarının, UFC beynəlxalq turnirinin, eləcə də Formula 1 yarışlarının yüksək səviyyədə keçirilməsi Azərbaycanın qlobal idman xəritəsində mövqeyini möhkəmləndirmişdir. Dövlət başçısının qeyd etdiyi kimi, Formula 1 yarışlarından sonra ölkəmizə gələn xarici turistlərin sayının 20 faiz artması idmanın iqtisadi və turizm potensialını açıq şəkildə nümayiş etdirir.

Deputat Kamal Cəfərov Prezident İlham Əliyevin regionların inkişafı ilə idmanı paralel şəkildə təqdim etməsini də xüsusi dəyərləndirmişdir. Şahdağ Xizək Turizm Mərkəzində keçiriləcək Dünya Kuboku yarışları, bölgələrdə yaradılan yeni traslar və minlərlə iş yerinin açılması idmanın regional sosial-iqtisadi inkişafa verdiyi töhfənin bariz nümunəsidir. Onun fikrincə, bu siyasət bölgələrdə həyatın canlanmasına və əhalinin məşğulluğunun artmasına xidmət edir.

Deputat sonda bildirmişdir ki, Prezident İlham Əliyevin Bakı şəhərinin “Dünyanın İdman Paytaxtı” seçilməsi ilə bağlı səsləndirdiyi fikirlər Azərbaycanın beynəlxalq nüfuzunun daha da artdığını göstərir. Onun sözlərinə görə, bu status ölkəmizdə idman sahəsində görülən işlərə verilən yüksək qiymətin ifadəsidir və Azərbaycan bu etimadı doğrultmaq gücündədir. Kamal Cəfərov hesab edir ki, dövlət başçısının müəyyən etdiyi idman strategiyası gələcək illərdə də ölkəmizə yeni qələbələr və beynəlxalq uğurlar qazandıracaq.