SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
“Azərbaycan Ordusu modern təchizatı, yüksək intizamı və sarsılmaz döyüş ruhu ilə dünyanın ən güclü orduları sırasında layiqli yerini tutub” - Kamal Cəfərov
Milli Məclisin deputatı Kamal Cəfərov 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə ölkəmizin ordu quruculuğu strategiyasını, qazanılan tarixi uğurları və müasir təhlükəsizlik reallıqlarını şərh edərək bildirib:
“Hər bir müstəqil dövlət üçün güclü ordunun mövcudluğu milli suverenliyin və sərhədlərin toxunulmazlığının əsas hüquqi və siyasi sığortasıdır. Cənubi Qafqaz kimi mürəkkəb geosiyasi regionda, müxtəlif qlobal güclərin maraqlarının kəsişdiyi bir məkanda etibarlı hərbi potensiala sahib olmadan müstəqil xarici siyasət yürütmək qeyri-mümkündür. Azərbaycan Ordusu modern təchizatı, yüksək intizamı və sarsılmaz döyüş ruhu ilə dünyanın ən güclü orduları sırasında layiqli yerini tutub. Silahlı Qüvvələrimizin bu səviyyəyə yüksəlməsi illərdir dövlət səviyyəsində aparılan məqsədyönlü strategiyanın, sistemli hərbi və hüquqi islahatların qanunauyğun nəticəsidir”.
K.Cəfərov xüsusilə vurğulayıb ki, müasir hərbi uğurlarımızın və sabitliyimizin dəyərini düzgün qiymətləndirmək üçün müstəqilliyin ilk illərində buraxılan səhvlərə nəzər salmaq mütləqdir:
“Müstəqilliyimizin ilk dövrlərində ölkə rəhbərliyində olan AXC-Müsavat birliyi hakimiyyətinin idarəetmədəki məsuliyyətsizliyi və vahid komandanlığın olmaması hərbi sahəni iflic vəziyyətinə salmışdı. Ermənistanın torpaqlarımıza təcavüz etdiyi bir şəraitdə, dövlət əhəmiyyətli ordu quruculuğu işini şəxsi və siyasi ambisiyalara qurban verənlər ölkəni faktiki olaraq müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qoymuşdular. Yalnız o dövrdən sonra idarəetmədə qətiyyətli siyasi iradənin bərqərar olması ilə dağınıq hərbi birləşmələr ləğv edildi, nizami, nizam-intizamlı ordunun qurulması prosesinə başlanıldı. AXC-Müsavat dövrünün gətirdiyi tənəzzülün tam əksinə olaraq bu gün Azərbaycan öz hərbi təhsil sistemini, kadr hazırlığını modernləşdirir, ordusunu qardaş Türkiyə Silahlı Qüvvələrinin ən qabaqcıl modelinə uyğunlaşdıraraq müdafiə qabiliyyətini maksimum səviyyəyə çatdırır”.
Deputat açıqlamasında ölkəmizin hərbi-sənaye potensialının və beynəlxalq tərəfdaşlıq əlaqələrinin strateji əhəmiyyətinə də diqqət çəkib:
“Bu gün Azərbaycanda dinamik inkişaf edən milli hərbi sənaye kompleksi formalaşıb, bu da ordumuzun ən müasir texniki vasitələrlə təchizatını əhəmiyyətli dərəcədə yerli istehsal hesabına təmin etməyə imkan verir. Şuşa Bəyannaməsi əsasında Türkiyə ilə müttəfiqliyimizin dərinləşməsi, eləcə də Pakistan və İsrail kimi strateji tərəfdaş ölkələrlə hərbi-texniki sahədə həyata keçirilən səmərəli əməkdaşlıq regional təhlükəsizliyin qorunmasında mühüm rol oynayır. Dövlətimiz hərbi qüdrəti artırmaqla bərabər, bu çətin və şərəfli missiyanı yerinə yetirən hərbi qulluqçularımızın sosial müdafiəsini, onların rifahının və xidmət şəraitinin yaxşılaşdırılmasını da hər zaman özünün ali prioritetlərindən biri hesab edir”.