MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

Azərbaycan qadınının cəmiyyətdəki rolu və dövlət qadın siyasətinin əsas istiqamətləri

19:28 01.03.2026



8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə qeyd etməliyik ki, Azərbaycan qadını tarixin bütün dövrlərində Vətənimizin müdafiəsində yaxından iştirak etmiş, siyasi və dövlət quruculuğu sahəsində əsl vətənpərvərlik nümunələri göstərmişdir. Dövlət başçısı İlham Əliyevin vurğuladığı kimi, qadın hüquqlarının müdafiəsi və onlar üçün yaradılan imkanların genişləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir.

Deputat Kamal Cəfərovun mövqeyinə görə, bu gün ölkəmizdə həyata keçirilən qadın siyasəti həm milli dəyərlərə, həm də mütərəqqi beynəlxalq prinsiplərə söykənir. Xüsusilə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın hərtərəfli fəaliyyəti, xeyirxahlıq missiyası və mədəniyyətimizin təbliği sahəsində gördüyü işlər Azərbaycan qadınının intellektual potensialının dünyaya təqdim olunmasında əsl örnəkdir. Mehriban xanımın rəhbərliyi ilə həyata keçirilən humanitar layihələr ölkəmizin "yumşaq güc" siyasətinin təzahürü olmaqla yanaşı, Azərbaycan qadınının zəngin mənəvi dəyərlərinin bariz nümunəsidir.

Ulu Öndərin 2000-ci ildə imzaladığı tarixi fərmanla dövlət qurumlarında qadınların rəhbərlik səviyyəsində təmsilçiliyi təmin edilmiş, bu strateji xətt bu gün Prezident İlham Əliyev tərəfindən yeni meyarlarla zənginləşdirilmişdir. Əgər keçmişdə qadınların ictimai-siyasi iştirakçılığı məhdud idisə, bu gün Azərbaycan qadınları Milli Məclisdə, bələdiyyələrdə və mühüm dövlət postlarında uğurla təmsil olunurlar.

Bu uğurlu inkişaf yolu həm də statistik rəqəmlərdə özünü aydın büruzə verir. Kamal Cəfərov hesab edir ki, yerli özünüidarəetmə orqanlarında qadınların təmsilçiliyinin 2004-cü ildəki 4 faizdən 2025-ci ildə 39,34 faizə yüksəlməsi, eləcə də qadın sahibkarların payının 23,7 faizə çatması ölkədə formalaşmış sağlam gender mühitinin nəticəsidir. “Azərbaycan Respublikasında gender bərabərliyi üzrə 2026-2028-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiqi isə bu sahədəki islahatların gələcəkdə də sistemli şəkildə davam etdiriləcəyinə və qadınların rəqəmsal savadlılığının artırılması kimi müasir hədəflərə çatacağımıza tam zəmin yaradır.