MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

Azərbaycanın yeni xarici siyasət kimliyi

14:10 06.02.2026



Prezident İlham Əliyevin 4 fevral 2026-cı ildə Əbu-Dabidə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimetmə mərasimində etdiyi çıxış təkcə protokol xarakterli nitq deyil, Azərbaycanın müharibədən sülhə keçid mərhələsində formalaşdırdığı yeni xarici siyasət fəlsəfəsinin aydın manifesti kimi qiymətləndirilməlidir. Dövlət başçısının çıxışında tarixi yaddaş, geosiyasi realizm və barışıq gündəliyi vahid məntiq xətti ilə bir-birinə bağlanır. Prezidentin mərasimdə səsləndirdiyi ilk fikirlərdən biri - “Şeyx Zayedin adını daşıyan bu mükafata layiq görülmək böyük şərəfdir” - Azərbaycanın qlobal humanitar dəyərlərə verdiyi önəmi və BƏƏ ilə strateji münasibətlərin dərinliyini simvolizə edir.

Deputat Kamal Cəfərov bildirmişdir ki, dövlət başçısının çıxışının mərkəzində regional sülh arxitekturasının formalaşdırılması dayanır. O vurğulamışdır ki, çıxışın ən strateji hissəsi Azərbaycan–Ermənistan münasibətlərinə həsr olunmuş blokdur. Prezidentin “Biz 30 ildən artıq müddətdə müharibə şəraitində olmuşuq. İndi isə artıq altı aydır ki, sülh şəraitində yaşayırıq” sözləri münaqişədən sonrakı dövrün real məzmununu əks etdirir. Kamal Cəfərovun fikrincə, bu ifadə sülhün mümkün və geri dönməz olduğunu göstərən gələcək nəsillərə ünvanlanmış siyasi mesajdır.

Deputat qeyd etmişdir ki, Vaşinqton Zirvə Görüşündən sonrakı mərhələnin Prezident tərəfindən “tərəfdaşlıq, əməkdaşlıq və uzunmüddətli, dayanıqlı sülhə doğru irəliləyiş ayları” kimi xarakterizə edilməsi Azərbaycanın diplomatik xəttinin konstruktiv mahiyyətini göstərir. Dövlət başçısının ABŞ Prezidenti Donald Trampın rolunu xüsusi vurğulaması isə prosesin çoxtərəfli təbiətini ortaya qoyur.