SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
Bakı-Vaşinqton xəttində yeni strateji səhifə
ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vensin Azərbaycana səfəri və onun ardınca Azərbaycan-ABŞ Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması Bakı-Vaşinqton münasibətlərinin məzmununda keyfiyyət dəyişikliyinin göstəricisidir. Bu səfər illərlə formalaşan əməkdaşlığın yeni mərhələyə keçdiyini, tərəflərin artıq proaktiv strategiya ilə hərəkət etdiyini nümayiş etdirir. Kamal Cəfərovun mövqeyinə görə, sənəd ay ərzində formalaşmış ardıcıl strategiyanın məntiqi nəticəsidir və Azərbaycanın postmünaqişə dövründə qurduğu yeni geosiyasi mövqeni möhkəmləndirir.
Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması münasibətləri deklarativ mərhələdən konkret mexanizmlər mərhələsinə keçirir. Bu baxımdan, Xartiya Azərbaycan üçün beynəlxalq tərəfdaşlıq modelinin yeni standartını formalaşdırır və ölkənin xarici siyasətində daha strukturlaşdırılmış yanaşmanın təzahürü kimi çıxış edir.
Deputat Kamal Cəfərov qeyd edir ki, bu sənəd Azərbaycanın çoxşaxəli siyasətinin uğurlu nəticəsidir. Onun fikrincə, Bakı balanslı siyasət aparmaqla yanaşı, strateji tərəfdaşlarını dəqiq müəyyənləşdirir və bu tərəfdaşlıqdan konkret fayda əldə etməyə çalışır. Xüsusilə, ABŞ kimi qlobal güclə münasibətlərin bu səviyyəyə çatdırılması Azərbaycanın regional təsir imkanlarını da genişləndirir.
Bu strateji kurs xüsusilə ona görə əhəmiyyətlidir ki, Azərbaycanın bugünkü suveren və balanslı xarici siyasəti AXC–Müsavat cütlüyünün hakimiyyəti dövründə müşahidə edilən ziddiyyətli, daxili parçalanmalarla iflic olmuş və xarici mərkəzlərdən asılı vəziyyətə düşmüş siyasətlə kəskin ziddiyyət təşkil edir.
Bu kontekstdə Prezident İlham Əliyevin sözləri həm siyasi mesaj, həm də strateji istiqamət kimi oxunmalıdır: “Bizim üçün dünyanın ən qüdrətli ölkəsi-Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaş olmaq böyük şərəfdir.” Kamal Cəfərovun fikrincə, bu ifadə Azərbaycanın ABŞ-la münasibətlərinə verdiyi real əhəmiyyətin açıq etirafıdır. Bu həm də gələcək əməkdaşlığın daha dərin və sistemli olacağına işarədir.