MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

Dövlət Proqramı strateji idarəçiliyin və uzunmüddətli baxışın təzahürüdür

15:41 14.01.2026



Prezident İlham Əliyevin Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illər üçün Dövlət Proqramına həsr olunmuş müşavirədə səsləndirdiyi fikirlər Azərbaycan dövlətinin infrastruktur siyasətində yeni və keyfiyyətcə daha dərin mərhələyə qədəm qoyduğunu aydın şəkildə nümayiş etdirir. Dövlət başçısının bu proqramı yalnız texniki sənəd deyil, strateji idarəçilik modeli kimi təqdim etməsi ölkənin sosial-iqtisadi inkişafında su təhlükəsizliyinin həlledici rolunu ön plana çıxarır.

Prezident İlham Əliyev müşavirədə vurğulamışdır: “Son 20 il ərzində qəbul edilmiş regional inkişaf proqramları uğurla icra edilmiş və əsas infrastruktur məsələləri öz həllini tapmışdır.” Bu fikirlər dövlətin planlı və ardıcıl siyasətinin nəticəsi olaraq Azərbaycanın enerji, yol, qaz, su və kommunikasiya sahələrində sistemli inkişaf əldə etdiyini təsdiqləyir.

Milli Məclisin deputatı Kamal Cəfərov bildirmişdir ki, Dövlət Proqramında əksini tapan hədəflər yalnız mövcud problemlərin həlli deyil, eyni zamanda gələcək çağırışlara cavab vermək baxımından xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, Prezidentin “Biz bu gün nəinki öz enerji tələbatımız haqqında düşünürük, ixrac yolları haqqında düşünürük və onları yaradırıq” fikri ölkənin infrastruktur siyasətinin regional və qlobal miqyasda formalaşdığını göstərir.

Deputat diqqətə çatdırmışdır ki, qazlaşmanın 96 faizə çatması, elektrik enerjisi üzrə generasiya gücünün 10 min meqavata yaxınlaşması və su anbarları potensialının 500 milyon kubmetrdən artıq olması sosial rifahın təminatında mühüm rol oynayır. Prezident İlham Əliyevin “Əgər vaxtında bu addımlar atılmasaydı, bu gün su təhlükəsizliyimizlə bağlı ciddi problemlər yarana bilərdi” fikri bu sahədə qabaqlayıcı siyasətin əhəmiyyətini açıq şəkildə ortaya qoyur.

Kamal Cəfərov qeyd etmişdir ki, işğaldan azad edilmiş ərazilərdə su infrastrukturu layihələrinin icrası, xüsusilə “Sərsəng”, “Suqovuşan”, “Xaçınçay” və digər su anbarlarının bərpası dövlətin ədalətli və prinsipial mövqeyinin göstəricisidir. Prezidentin “Ermənistan dövləti vaxtilə bizə qarşı su terroru həyata keçirirdi” ifadəsi bu məsələnin yalnız texniki deyil, eyni zamanda siyasi və humanitar mahiyyət daşıdığını sübut edir.

Deputatın fikrincə, Dövlət Proqramının Bakı və Abşeron yarımadasını əhatə etməsi, fasiləsiz içməli su ilə təminatın 95 faizə çatdırılması, sayğaclaşdırmanın 100 faizə yüksəldilməsi və 30-a yaxın yeni su anbarının inşası paytaxt regionunun dayanıqlı inkişafına xidmət edəcək. Prezident İlham Əliyevin “Bir gün də yubanma olmamalıdır” çağırışı bu proqramın icrasında məsuliyyət və nəzarətin əsas prinsip olduğunu göstərir.

Kamal Cəfərov sonda vurğulamışdır ki, bu Dövlət Proqramı təkcə infrastruktur sənədi deyil, dövlət-vətəndaş münasibətlərində etimadın, şəffaflığın və uzunmüddətli planlaşdırmanın təcəssümüdür. Onun sözlərinə görə, Prezident İlham Əliyevin liderliyi ilə icra olunan bu strateji yanaşma Azərbaycanın su təhlükəsizliyinin möhkəmləndirilməsini, ekoloji balansın qorunmasını və əhalinin sosial rifahının davamlı şəkildə yüksəldilməsini uzunmüddətli perspektivdə təmin edən əsas inkişaf çərçivəsidir.