MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü: milli kimliyin, dövlətçiliyin və qlobal birliyin təntənəsi

16:15 04.01.2026



Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Qurultaylarında və Həmrəylik Günü münasibətilə etdiyi çıxışlar müasir Azərbaycan dövlətinin diaspor siyasətinin ideoloji və strateji əsaslarını aydın şəkildə ortaya qoyur. Dövlət başçısının bu çıxışlarında səsləndirilən fikirlər bir daha təsdiqləyir ki, dünya azərbaycanlılarının həmrəyliyi təsadüfi çağırış deyil, tarixi zərurətdən doğan və dövlətçilik fəlsəfəsinə söykənən ümummilli strategiyadır. Bu yanaşmanın kökləri isə Ulu Öndər Heydər Əliyevin formalaşdırdığı milli birlik ideologiyasına dayanır.

Deputat Kamal Cəfərov qeyd edir ki, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün dövlət bayramı kimi təsis edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi yekunu olmaqla yanaşı, azərbaycançılıq məfkurəsinin siyasi ifadəsidir. Onun fikrincə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il 16 dekabr tarixli qərarı və ardınca Azərbaycan Respublikası Ali Sovetinin bu təşəbbüsü qanuniləşdirməsi dünya azərbaycanlılarının birliyinin hüquqi əsasını yaratmışdır.

Deputat vurğulayır ki, Həmrəylik Gününün mahiyyəti yalnız bayram anlayışı ilə məhdudlaşmır. Sovet imperiyasının süqutu fonunda Araz çayının hər iki sahilində yaşayan azərbaycanlıların sərhəd dirəklərini sökməsi milli yaddaşımızda tarixi bir çağırış kimi yaşayır. Bu hadisə dünya azərbaycanlılarının bir millət olduğunu dünyaya nümayiş etdirməklə yanaşı, gələcək diaspor hərəkatının ideoloji əsasını qoymuşdur.

Kamal Cəfərovun sözlərinə görə, dünya azərbaycanlılarının milli birliyinin təşəkkülündə Ulu Öndər Heydər Əliyevin rolu müstəsnadır. Onun “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” kəlamı sadəcə bir ifadə deyil, milli qürurun siyasi manifestidir. Ulu Öndərin təşəbbüsü ilə keçirilən Dünya Azərbaycanlılarının I Qurultayı və sonrakı mərhələdə diasporla bağlı qəbul edilən fərmanlar dövlət siyasətində yeni bir istiqamətin əsasını qoymuşdur.

Deputat bildirir ki, Prezident İlham Əliyev bu siyasi xətti müasir çağırışlara uyğun şəkildə inkişaf etdirərək diaspor quruculuğunu keyfiyyətcə yeni mərhələyə yüksəldib. Dövlət başçısının xarici səfərləri zamanı diaspor nümayəndələri ilə görüşləri, onların problemlərinə həssas yanaşması və təşkilatlanmanı prioritet vəzifə kimi təqdim etməsi bu siyasətin davamlı və sistemli xarakter daşıdığını göstərir. Prezident İlham Əliyevin “Bizim bir vətənimiz var -Azərbaycan!” fikri dünya azərbaycanlıları üçün siyasi və mənəvi istinad nöqtəsidir.

Kamal Cəfərov qeyd edir ki, II Qarabağ müharibəsi dövründə dünya azərbaycanlılarının nümayiş etdirdiyi həmrəylik milli birliyin ən parlaq təzahürlərindən biri oldu. Xaricdə yaşayan soydaşlarımızın informasiya müharibəsində fəallığı, etiraz aksiyaları və Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması Qələbəmizin ideoloji dayaqlarını möhkəmləndirdi. Prezident İlham Əliyevin bu fədakar fəaliyyəti yüksək qiymətləndirməsi diasporun dövlət üçün nə qədər strateji əhəmiyyət daşıdığını bir daha təsdiqlədi.

Deputatın fikrincə, Şuşada keçirilmiş Dünya Azərbaycanlılarının V Qurultayı - Zəfər Qurultayı həm tarixi, həm də rəmzi baxımdan yeni mərhələnin başlanğıcı oldu. Prezident İlham Əliyevin bu qurultaydakı çıxışı müstəqil Azərbaycanın qalib dövlət kimi formalaşmasının və dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşməsinin siyasi manifesti kimi tarixə düşdü.

Sonda Kamal Cəfərov vurğulayır ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü bu gün artıq təkcə xatirə yox, milli gələcəyə yönəlmiş strateji çağırışdır. Bu həmrəylik Azərbaycan dövlətinin gücünü, xalqın birliyini və azərbaycançılıq ideologiyasının qlobal miqyasda yaşarlılığını nümayiş etdirir. Məhz bu səbəbdən 31 Dekabr yalnız təqvim günü deyil, dünya azərbaycanlılarının taleyini birləşdirən ideoloji platformadır.