MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

Enerji imkanlarının rəqəmsal inkişaf üçün əsas kimi çıxış etməsi

16:45 13.02.2026



Prezident İlham Əliyev müşavirədə qeyd edib ki, Azərbaycanın son illərdə artan enerji generasiya gücü rəqəmsallaşma və data mərkəzlərinin yaradılması üçün əsas şərtlərdən biridir. Bu gün ölkənin təxminən 10 min meqavat generasiya gücünə malik olması və ən azı 2 min meqavat istifadə edilməyən potensialın mövcudluğu texnoloji transformasiya üçün real imkan yaradır.

Deputat Kamal Cəfərovun fikrincə, bu imkanlar həm enerji təhlükəsizliyi, həm də rəqəmsal iqtisadiyyatın inkişafı baxımından strateji resurs kimi qiymətləndirilməlidir. Azərbaycanın ənənəvi və bərpaolunan enerji sahəsində özünü təmin etməsi və eyni zamanda ixrac imkanlarına malik olması data mərkəzləri kimi yüksək enerji tələb edən infrastrukturun formalaşdırılması üçün unikal zəmin yaradır.

Prezident İlham Əliyevin “bu üstünlükdən səmərəli şəkildə istifadə etməliyik” çağırışı faktiki olaraq yeni inkişaf modelinin istiqamətini müəyyən edir. Kamal Cəfərov hesab edir ki, enerji imkanları ilə rəqəmsal transformasiyanın uzlaşdırılması Azərbaycanın qeyri-neft sektorunun artım tempini dəstəkləməklə yanaşı, ölkəni regionda texnoloji mərkəzə çevirmək potensialını gücləndirəcək.