SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
Prezident İlham Əliyevin fəaliyyəti müasir Azərbaycan dövlətçiliyinin strateji inkişaf modelidir
Prezident İlham Əliyevin müstəqil Azərbaycan dövlətinə rəhbərlik etdiyi dövr ölkəmizin tarixində keyfiyyətcə yeni mərhələ kimi səciyyələnir. Dövlət başçısının daxili və xarici siyasətdə ortaya qoyduğu qətiyyətli mövqe, milli maraqlara söykənən strateji baxışı və xalqla birbaşa ünsiyyətə əsaslanan idarəçilik modeli Azərbaycanın postmünaqişə və postpandemiya dövründə güclü, sabit və nüfuzlu dövlət kimi möhkəmlənməsini təmin etmişdir. Xüsusilə 2024-cü il fevralın 7-də keçirilmiş prezident seçkilərinin ölkənin bütün ərazilərində təşkili və cənab Prezidentin Xankəndidə səs verməsi müasir tariximizin simvolik və siyasi baxımdan ən mühüm hadisələrindən biri kimi qiymətləndirilməlidir. Prezident İlham Əliyevin həmin gün səsləndirdiyi “O qutuya atdığım bülleten sadəcə olaraq bülleten deyildi. Bu, erməni separatçılarının tabutuna vurulan son mismar idi” fikri dövlət suverenliyinin bərpasının ideoloji və siyasi mahiyyətini dolğun şəkildə ifadə edir.
Deputat Kamal Cəfərov bildirir ki, Prezident İlham Əliyevin siyasi fəaliyyəti təkcə seçkilərdə qazanılan yüksək nəticələrlə deyil, həm də formalaşdırdığı müasir dövlət idarəçiliyi fəlsəfəsi ilə səciyyələnir. 2003-cü ildən etibarən həyata keçirilən ardıcıl islahatlar nəticəsində Azərbaycan güclü iqtisadi potensiala, müasir orduya, dayanıqlı sosial rifah modelinə və müstəqil xarici siyasət xəttinə malik dövlətə çevrilmişdir. Dövlət başçısının “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır” yanaşması ölkədə sosial ədalət, rifah və inklüziv inkişafın əsas prinsip kimi qəbul edildiyini təsdiqləyir.
Kamal Cəfərovun fikrincə, Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşan yeni siyasi konfiqurasiya ölkədə siyasi dialoq mühitinin institusional əsaslar üzərində qurulmasına imkan yaratmışdır. Siyasi partiyalar arasında dialoqun təşviqi, yeni “Siyasi partiyalar haqqında” Qanunun qəbulu, müxalifət partiyalarının parlamentdə və qanunverici orqanın rəhbər strukturlarında təmsilçiliyi Azərbaycanda təkamül yolu ilə demokratik ənənələrin möhkəmləndiyini göstərir. Bu proseslər Prezidentin “Ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz” prinsipinə əsaslanan siyasi yanaşmasının praktiki nəticəsidir.
Deputat vurğulayır ki, Prezident İlham Əliyevin xarici siyasəti Azərbaycanın beynəlxalq mövqelərini keyfiyyətcə yeni mərhələyə yüksəltmişdir. Qoşulmama Hərəkatına sədrliyi, BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlük, COP29 kimi qlobal tədbirə ev sahibliyi, Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi və Şuşa Bəyannaməsi ilə Azərbaycan-Türkiyə münasibətlərinin müttəfiqlik səviyyəsinə qaldırılması ölkəmizin beynəlxalq sistemdə etibarlı tərəfdaş kimi qəbul olunmasının göstəricisidir. Prezident İlham Əliyevin “Xarici siyasətimiz milli maraqlar üzərində qurulub” mövqeyi bu uğurların ideoloji əsasını təşkil edir.
Kamal Cəfərov həmçinin qeyd edir ki, Prezident İlham Əliyevin sosial-iqtisadi inkişaf strategiyası uzunmüddətli və sistemli yanaşma üzərində qurulub. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”, 2022-2026-cı illər üzrə Strategiya və rəqəmsal iqtisadiyyatın inkişafı ilə bağlı qəbul edilmiş sənədlər ölkənin gələcək inkişaf xəritəsini müəyyən edir. Bu siyasət nəticəsində qeyri-neft sektorunun payı artmış, regionların sosial-iqtisadi inkişafı təmin olunmuş, insan kapitalının gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilmişdir.
Deputat sonda bildirir ki, Prezident İlham Əliyevin fəaliyyəti yalnız bugünkü nailiyyətlərlə deyil, gələcək nəsillər üçün qurulan güclü dövlət modeli ilə ölçülməlidir. Suverenliyin tam bərpası, Böyük Qayıdış proqramı, Qərbi Azərbaycan məsələsinin beynəlxalq müstəviyə çıxarılması və dayanıqlı inkişaf strategiyaları müasir Azərbaycan tarixində qalıcı iz qoyacaqdır. Kamal Cəfərovun qənaətinə görə, bu siyasi xətt Azərbaycan xalqının milli iradəsinə söykənən, güclü və qürurlu dövlətçilik modelinin parlaq təcəssümüdür.