MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

Qlobal güc reallıqları fonunda Azərbaycanın müstəqil strateji xətti

18:10 22.01.2026



Prezident İlham Əliyevin Davosda “Euronews” televiziyasına verdiyi müsahibədə səsləndirdiyi fikirlər müasir beynəlxalq münasibətlər sistemində baş verən fundamental dəyişiklikləri aydın şəkildə ortaya qoyur. Dövlət başçısının vurğuladığı kimi, artıq beynəlxalq hüququn aliliyi bütün hallarda həlledici amil kimi çıxış etmir və dünya yeni bir mərhələyə qədəm qoyur. Prezident İlham Əliyev bu reallığı belə ifadə edib: “Bu erada vəziyyəti qanunun aliliyi deyil, güc qaydası idarə edir.”

Deputat Kamal Cəfərov bildirmişdir ki, bu yanaşma Azərbaycanın son illərdə həyata keçirdiyi müstəqil xarici siyasətin mahiyyətini düzgün izah edir. Onun fikrincə, Prezidentin müsahibədə diqqətə çatdırdığı əsas məqam milli maraqların beynəlxalq hüquq çərçivəsində, lakin real güc balansları nəzərə alınmaqla qorunmasıdır. Məhz bu siyasət nəticəsində Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü bərpa edərək regional güc mərkəzinə çevrilib.

Dövlət başçısının “Hər ölkə öz strategiya və siyasətini özünün potensialına uyğunlaşdırmalıdır” fikri Azərbaycanın çoxşaxəli diplomatiyasının ideoloji əsasını təşkil edir. Deputatın sözlərinə görə, rəsmi Bakının həm regional, həm də qlobal müstəvidə paralel və balanslı münasibətlər qurması ölkəmizi geosiyasi təzyiqlərdən qoruyan əsas amillərdəndir.

Deputat Kamal Cəfərov vurğulamışdır ki, Prezident İlham Əliyevin formalaşdırdığı müstəqil strateji xətt Azərbaycanın dövlətçilik tarixində əvvəlki mərhələlərdən mahiyyət etibarilə fərqlənir. AXC-Müsavat hakimiyyəti illərində beynəlxalq münasibətlərdə emosional və qeyri-peşəkar yanaşmalar, regional güc balanslarının düzgün qiymətləndirilməməsi ölkəni ciddi risklərlə üz-üzə qoymuşdu. Həmin dövrün təcrübəsi düzgün qiymətləndirmənin və milli maraqlara əsaslanan peşəkar siyasətin dövlət təhlükəsizliyi üçün nə qədər həlledici olduğunu aydın şəkildə göstərmişdir.

O həmçinin hesab edir ki, Prezident İlham Əliyevin bu müsahibədə səsləndirdiyi mövqelər Azərbaycanın yalnız mövcud risklərə cavab verdiyini deyil, eyni zamanda yeni beynəlxalq nizamda öz yerini qabaqcadan müəyyənləşdirdiyini göstərir. Bu yanaşma Azərbaycanı passiv müşahidəçi deyil, proseslərin aktiv iştirakçısına çevirir.