MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

Sülh və enerji təhlükəsizliyi: Azərbaycanın regional sabitliyə verdiyi töhfə

12:07 23.01.2026



Regional sülh və enerji təhlükəsizliyi məsələləri Prezident İlham Əliyevin “Euronews”ə müsahibəsində xüsusi yer ayırdığı mövzulardan biri olmuşdur. Dövlət başçısı açıq şəkildə bildirib ki, Azərbaycan bu gün daxili sabitlik baxımından risklərlə üzləşmir və əsas çağırışlar xarici amillərlə bağlıdır. Prezidentin “Ölkə daxilində potensial risklər mövcud deyil” fikri ölkədə formalaşmış güclü idarəetmə sisteminin və ictimai-siyasi sabitliyin göstəricisidir.

Deputat Kamal Cəfərov qeyd etmişdir ki, Prezident İlham Əliyevin regionda sülhün ən böyük sərvət olduğunu vurğulaması Azərbaycanın müharibədən çıxmış bir ölkə kimi hansı dəyərlərə üstünlük verdiyini açıq şəkildə nümayiş etdirir. Dövlət başçısının “Bu gün sülhün və sabitliyin olması istənilən ölkə üçün uğur qazanmağın yeganə yoludur” fikri hökumətin uzunmüddətli siyasi baxışını ifadə edir.

Eyni zamanda Prezident İlham Əliyevin enerji siyasəti ilə bağlı səsləndirdiyi faktlar Azərbaycanın strateji əhəmiyyətini daha da artırır. Müsahibədə qeyd olunduğu kimi, Azərbaycan bu gün 16 ölkəyə, o cümlədən Avropa İttifaqının 10 üzvünə təbii qaz ixrac edir və boru kəməri qazının coğrafi əhatəsinə görə dünyada lider mövqedədir.

Deputatın fikrincə, bu göstəricilər Azərbaycanın təkcə enerji təchizatçısı deyil, həm də Avropa üçün etibarlı tərəfdaş kimi qəbul edilməsinin əsas səbəbidir. Kamal Cəfərov vurğulamışdır ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerji diplomatiyası regional sabitliyə xidmət etməklə yanaşı, ölkəmizin siyasi çəkisini də əhəmiyyətli dərəcədə artırır.