MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

Tarixi ədalətin bərpası - dövlət iradəsinin təzahürü

12:51 26.02.2026



Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Xocalıya ədalət!” tələbi tam haqlı idi və bu ədalət təmin edildi. 2020-ci il Vətən müharibəsi nəticəsində 30 il işğal altında qalmış torpaqlarımız azad olundu və yeni geosiyasi reallıq formalaşdı. 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Xocalı separatçılardan təmizləndi, həmin ilin oktyabrında şəhərdə Azərbaycan Respublikasının Dövlət Bayrağı ucaldıldı. Bu hadisələr simvolik aktdan daha çox dövlət suverenliyinin real təminatıdır.

Kamal Cəfərov hesab edir ki, burada əsas məqam siyasi iradənin ardıcıllığıdır. Xocalının azad edilməsi hərbi qələbə olmaqla yanaşı, həm də illərlə davam edən ədalət tələbinin nəticəsidir. Dövlət başçısının Xocalıya çoxsaylı səfərləri, infrastruktur və sosial layihələrin icrası göstərir ki, proses planlı dövlət strategiyası çərçivəsində həyata keçirilir.

Eyni zamanda, 1994-cü ildə “Xocalı soyqırımı (genosidi) günü haqqında” qərarın qəbul edilməsi və hər il fevralın 26-da saat 17:00-da sükut dəqiqəsinin elan olunması Xocalının dövlət səviyyəsində hüquqi-siyasi qiymət aldığını göstərir. Bu qiymətləndirmə həm düşmənə, həm də o dövrkü AXC-Müsavat rəhbərliyinin məsuliyyətsizliyinə və idarəçilik uğursuzluğuna verilən rəsmi cavabdır. Bu qərarlar milli yaddaşın institusionallaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır və faciənin unudulmamasına xidmət edir.