MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

Xocalının dirçəlişi və beynəlxalq tanınma siyasəti

18:42 26.02.2026



Bu gün Xocalı artıq dirçələn şəhər kimi gündəmdədir. 2026-cı ilin yanvar ayınadək Xocalı şəhəri və kəndlərinə 881 ailə, 3602 nəfər köçürülüb. Yaşayış binalarının bərpası, istehsal müəssisələrinin açılışı, infrastruktur layihələrinin icrası göstərir ki, bölgənin sosial-iqtisadi reinteqrasiyası sürətlə davam edir. Bu, post-münaqişə dövründə davamlı inkişaf modelinin tətbiqinin konkret nümunəsidir.

Bu gün müşahidə olunan sistemli dövlət strategiyası və sarsılmaz siyasi iradə 1990-cı illərin əvvəllərindəki idarəçilik xaosu ilə kəskin təzad təşkil edir. Xüsusilə, 1992-ci ilin fevralında AXC-Müsavat cütlüyü ilə mövcud hakimiyyət arasındakı amansız siyasi çəkişmələr, dövlət maraqlarının qrup mənafelərinə qurban verilməsi Xocalının müdafiəsiz qalmasına şərait yaradan əsas amillərdən olmuşdur. O dövrün siyasi qeyri-sabitliyi, vahid komandanlığın olmaması və ordunun daxili hakimiyyət oyunlarına alət edilməsi milli müdafiə sistemini iflic etmişdi. Xocalı faciəsi zamanı nümayiş etdirilən bu idarəçilik qabiliyyətsizliyi və siyasi məsuliyyətsizlik, bugünkü vahid və qüdrətli Azərbaycan dövlətinin strateji yanaşmasının nə dərəcədə əhəmiyyətli olduğunu bir daha təsdiq edir.

Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında sərəncam və təməlqoyma mərasimi xüsusi əhəmiyyət kəsb edir. Memorial həm xatirə məkanı, həm də tarixi faktların sənədləşdirildiyi, gələcək nəsillərə ötürüldüyü bir platforma olacaq. Burada soyqırımı qurbanlarının hekayələri, şəhərin tarixi və işğaldan azad olunma prosesi barədə məlumatlar təqdim ediləcək bu da milli yaddaşın sistemli qorunmasına xidmət edir.

Bununla paralel olaraq, Xocalı soyqırımının bir sıra ölkələrin parlamentləri tərəfindən tanınması, İslam Əməkdaşlıq Təşkilatının qəbul etdiyi qətnamələr və “Xocalıya ədalət” kampaniyasının fəaliyyəti beynəlxalq müstəvidə aparılan məqsədyönlü siyasətin nəticəsidir. Kamal Cəfərovun qənaətinə görə, Xocalının həm hüquqi tanınması, həm də fiziki olaraq bərpası tarixi ədalətin təmin olunması və dövlət suverenliyinin möhkəmləndirilməsi ilə bağlı siyasətin tərkib hissəsidir.