SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
Yaşıl enerji strategiyası və Azərbaycanın enerji təhlükəsizliyində yeni mərhələ
Prezident İlham Əliyevin “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimində səsləndirdiyi fikirlər Azərbaycanın enerji təhlükəsizliyi və yaşıl keçid strategiyasının dərin və sistemli mahiyyətini aydın şəkildə ortaya qoyur. Dövlət başçısının vurğuladığı kimi, 240 meqavat gücündə bu stansiyanın istismara verilməsi təkcə yeni enerji obyektinin açılışı deyil, həm də ölkəmizin uzunmüddətli enerji siyasətində keyfiyyətcə yeni mərhələnin başlanğıcıdır. Prezidentin “ölkəmizin enerji potensialını gücləndirəcək stansiya bu gün artıq fəaliyyətə başlayır” fikri bu hadisənin strateji əhəmiyyətini dolğun şəkildə ifadə edir.
Deputat Kamal Cəfərov bildirmişdir ki, dövlət başçısının bu layihəni Azərbaycanın ümumi inkişaf strategiyasının tərkib hissəsi kimi təqdim etməsi yaşıl enerjiyə keçidin artıq alternativ deyil, zəruri dövlət siyasəti olduğunu göstərir. Onun sözlərinə görə, Prezident İlham Əliyevin “ACWA Power” və “Power China” kimi aparıcı beynəlxalq şirkətlərin fəaliyyətini xüsusi qeyd etməsi Azərbaycanın etibarlı investisiya məkanı kimi mövqeyinin daha da möhkəmləndiyini təsdiqləyir.
Deputat vurğulamışdır ki, Prezident İlham Əliyevin energetika sahəsində paralel inkişaf modelinə dair səsləndirdiyi fikirlər xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısının ənənəvi və bərpaolunan generasiya güclərinin eyni vaxtda inkişaf etdirilməsinin vacibliyini önə çəkməsi enerji təhlükəsizliyinin yalnız bu balans əsasında təmin oluna biləcəyini göstərir. Prezidentin generasiya güclərinin 10 min meqavat səviyyəsinə çatması ilə bağlı açıqlaması Azərbaycanın bu sahədə tarixi rekord göstəricilərə nail olduğunu sübut edir.
Həmçinin qeyd edilməlidir ki, Prezident İlham Əliyevin Azərbaycanın müxtəlif bölgələrində bərpaolunan enerji layihələrinin həyata keçirilməsi barədə verdiyi məlumatlar ölkənin coğrafi üstünlüklərinin düzgün və məqsədyönlü şəkildə dəyərləndirildiyini göstərir. Dövlət başçısının Xəzər dənizinin 157 giqavatlıq külək potensialına dair səsləndirdiyi rəqəmlər Azərbaycanın yaxın gələcəkdə regionun aparıcı yaşıl enerji istehsalçılarından birinə çevriləcəyinə ciddi əsaslar yaradır. Kamal Cəfərovun fikrincə, bu potensial Azərbaycanın enerji ixracatçısı kimi rolunu daha da gücləndirəcək.
Prezidentin investisiya mühiti və maliyyə sabitliyi ilə bağlı açıqlamaları da xüsusi diqqətə layiqdir. Xarici borcun ÜDM-in cəmi 6 faizindən bir qədər çox olması və valyuta ehtiyatlarının borcu 16–17 dəfə üstələməsi Azərbaycanın iqtisadi dayanıqlığının bariz göstəricisidir. Deputat qeyd etmişdir ki, Prezident İlham Əliyevin “sözümüz imzamız qədər dəyərlidir” fikri dövlətin investorlar qarşısında götürdüyü öhdəliklərə sadiqliyinin siyasi ifadəsidir.
Millət vəkili sonda vurğulamışdır ki, Prezident İlham Əliyevin “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının açılışında səsləndirdiyi fikirlər enerji siyasətindən kənara çıxaraq, Azərbaycanın ümumi inkişaf fəlsəfəsini əks etdirir. Onun sözlərinə görə, bu layihə təkcə elektrik enerjisi istehsalı deyil, həm də ekoloji məsuliyyət, texnoloji modernləşmə və gələcək nəsillər üçün dayanıqlı inkişaf modelinin real təzahürüdür. Deputatın qənaətinə əsasən, görülən işlər Azərbaycanın yaşıl enerji salnaməsində mühüm və qalıcı mərhələ kimi tarixə düşəcək.