SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
Sülh dövrünün siyasi memarlığı və Azərbaycanın yeni qlobal mövqeyi
Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibədə səsləndirdiyi strateji baxışlar Azərbaycanın postmünaqişə mərhələsində yalnız regional deyil, həm də qlobal siyasi arxitekturada tutduğu mövqenin mahiyyətini aydın şəkildə ortaya qoyur. Dövlət başçısının çıxışları göstərir ki, Azərbaycan artıq müharibə reallığından çıxaraq sülhün idarə olunması mərhələsinə qədəm qoymuş, bu mərhələdə isə siyasi müdriklik, güc balansı və praqmatik diplomatiya əsas müəyyənedici amillərə çevrilmişdir. Prezidentin “sülh şəraitində yaşamaq nə deməkdir, bunu öyrənirik” fikri bu keçidin mahiyyətini ən dəqiq ifadə edən siyasi tezis kimi çıxış edir.
Millət vəkili Kamal Cəfərov bildirmişdir ki, Prezident İlham Əliyevin 2025-ci ili tarixi il kimi qiymətləndirməsi təsadüfi deyil. Onun sözlərinə görə, dövlət başçısının Ermənistan-Azərbaycan münaqişəsinin siyasi müstəvidə başa çatdırılması ilə bağlı verdiyi mesajlar Azərbaycanın yalnız hərbi deyil, diplomatik qələbəsinin də rəsmi təsdiqidir. Prezidentin “Azərbaycan döyüş meydanında əldə etdiyi parlaq Qələbəyə siyasi müstəvidə və qeyd etdiyim kimi, dünyanın bir nömrəli ofisində siyasi möhür vurdu” ifadəsi müasir dövlətçilik tariximizdə yeni mərhələnin başlandığını göstərir.
Həmçinin Kamal Cəfərovun sözlərinə görə, AXC-Müsavat hakimiyyəti dövründə dövlət idarəçiliyində peşəkarlığın yoxluğu, təsadüfi kadrların strateji postlara gətirilməsi və diplomatiyanın zəifliyi Azərbaycanın beynəlxalq müstəvidə ciddi ədalətsizliklərlə üz-üzə qalmasının əsas səbəblərindən biri olmuşdur. Prezident İlham Əliyevin həmin dövrü “biabırçı mənzərə” kimi xarakterizə etməsi təsadüfi deyil və bu qiymətləndirmə bir daha göstərir ki, dövlətçilik yalnız niyyətlə deyil, bilik, təcrübə və siyasi məsuliyyətlə qurulur.
Deputat vurğulamışdır ki, Prezident İlham Əliyevin ABŞ-la münasibətlər kontekstində səsləndirdiyi fikirlər Azərbaycanın xarici siyasətində dönüş nöqtəsini xarakterizə edir. 907-ci düzəlişin aradan qaldırılması, strateji işçi qrupunun yaradılması və ABŞ-la münasibətlərin praqmatik müstəviyə keçməsi dövlət başçısının uzunmüddətli siyasi səbrinin və prinsipial mövqeyinin nəticəsidir. Kamal Cəfərovun fikrincə Prezidentin bu prosesləri tarixi ədalətin bərpası kimi təqdim etməsi Azərbaycanın beynəlxalq münasibətlərdə subyektliyinin daha da möhkəmləndiyini göstərir.
Eyni zamanda qeyd edilməlidir ki, Prezident İlham Əliyevin Çinlə hərtərəfli strateji tərəfdaşlıq barədə söylədiyi fikirlər Azərbaycanın qlobal iqtisadi və nəqliyyat xəritəsində tutduğu yerin miqyasını ortaya qoyur. Çinlə əmtəə dövriyyəsinin rekord səviyyəyə çatması, yaşıl energetika və nəqliyyat sahəsində birgə layihələr, Orta Dəhlizin funksional mərkəzinə çevrilmək perspektivi Azərbaycanın artıq təkcə regional yox, Avrasiya miqyasında açar ölkə statusu qazandığını sübut edir. Deputat Kamal Cəfərov bu məqamı belə qiymətləndirir: “Bu siyasət Azərbaycanın coğrafiyasını üstünlüyə çevirən strateji düşüncənin məhsuludur.”
Prezidentin Türk Dövlətləri Təşkilatı çərçivəsində hərbi əməkdaşlıq təşəbbüsü isə müasir beynəlxalq münasibətlər sistemində güc amilinin real vəziyyətini açıq şəkildə ifadə edir. Dövlət başçısının “bugünkü dünyada güc var, müttəfiqlik var” fikri idealist yanaşmalardan uzaq, realist və məsuliyyətli liderlik modelini nümayiş etdirir. Deputatın fikrincə bu yanaşma Azərbaycanın təhlükəsizliyini təmin etməklə yanaşı, regionda sabitliyin əsas dayaqlarından birinə çevrilməsinə xidmət edir.
Kamal Cəfərov sonda qeyd etmişdir ki, Prezident İlham Əliyevin müsahibəsində xüsusi yer tutan sosial-iqtisadi blok dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayandığını bir daha təsdiqləyir. Xarici borcun minimuma endirilməsi, ehtiyatların borcu dəfələrlə üstələməsi, sosial islahat paketlərinin geniş əhatə dairəsi dövlət başçısının məsuliyyətli və uzunmüddətli idarəetmə fəlsəfəsinin göstəricisidir. Onun sözlərinə görə “bu siyasət populizmdən uzaq, real imkanlara əsaslanan və gələcək nəsillərin maraqlarını qoruyan dövlətçilik xəttidir”.