SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
Xocalı soyqırımı - faktların dili və beynəlxalq hüququn mövqeyi
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş verənlər təkcə bir şəhərin faciəsi deyildi, bu, Azərbaycan xalqına qarşı həyata keçirilmiş məqsədli və sistemli zorakılıq aktı idi. Ermənistan silahlı qüvvələrinin keçmiş sovet ordusunun 366-cı alayının iştirakı ilə şəhərə hücumu nəticəsində 613 nəfər qətlə yetirilib, onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i isə ahıl olub. 1275 nəfər əsir götürülüb, yüzlərlə insan şikəst edilib, 150 nəfərin taleyi bu günə qədər naməlum qalır. Bu statistikada göstərilən rəqəmlərin hər biri bir ailənin, bir nəslin faciəsidir.
Deputat Kamal Cəfərovun mövqeyinə görə, Xocalı hadisələrinə hüquqi aspektdən də yanaşmaq vacibdir. BMT Baş Assambleyasının 1948-ci il tarixli “Soyqırımı cinayətinin qarşısının alınması və ona görə cəzalar haqqında” Konvensiyasında soyqırımı cinayətinin anlayışı aydın şəkildə müəyyən olunub və Xocalıda mülki əhaliyə qarşı törədilən əməllər həmin meyarlarla üst-üstə düşür. Qrup üzvlərinin qətlə yetirilməsi, ciddi fiziki və mənəvi zərərin vurulması, xüsusi niyyət elementinin mövcudluğu rəsmi istintaqla təsbit edilib. Bu isə göstərir ki, məsələyə təkcə tarixi ədalət aspektindən yanaşılmamalıdır, baş verənlər həmçinin beynəlxalq cinayət hüququnun predmetidir.
Xocalı faciəsinin Holokostla müqayisə olunması da təsadüfi deyil, çünki bu hadisə də öz qəddarlığı və mülki əhaliyə qarşı yönəlmiş xarakteri ilə XX əsrin ən ağır cinayətlərindən biri kimi qiymətləndirilir. Məhz buna görə də Xocalının beynəlxalq aləmdə tanınması və ona hüquqi-siyasi qiymət verilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib.